×
A
A
A
Sazlamalar

31 Mart soyqırımı XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biridir

Qax, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Unutmadıq. 1918-ci ilin Mart hadisələri” adlı videokonfransda səsləndirilib.
Onlayn formada keçirilən tədbiri Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova açaraq, Azərbaycan xalqına qarşı yüzillər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı, törətdikləri vəhşiliklər barədə danışıb.
Tədbirdə Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və başqaları çıxış edərək, erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti ötən əsrin sonlarında da məqsədyönlü şəkildə davam etdirilib, xalqımız 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Bildirilib ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən müharibədə əzəli Qarabağ torpaqlarımızın erməni faşizmindən azad edilməsinə nail olub.
Çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Regionlar 2021-03-31 11:33:00