×
A
A
A
Sazlamalar

Lənkəranlı gənclər Bədən Tərbiyəsi və İdman Gününü Vətən müharibəsi iştirakçısı olan idmançılarla birgə qeyd ediblər

Lənkəran, 6 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 5-də lənkəranlı gənclər Bədən Tərbiyəsi və İdman Gününü Vətən müharibəsi iştirakçısı olan idmançılarla birgə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin, Lənkəran Olimpiya İdman Kompleksinin kollektivləri və məşqçi-müəllimlər xüsusi karantin rejimi qaydalarına riayət etməklə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Lənkəran Şəhər Gənclər Evində Vətən müharibəsi iştirakçıları olan idmançıların iştirakı ilə davam etdirilib.
Görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə əlamətdar gün münasibətilə rayonun idmançılarını və gəncləri təbrik edib.
M.Cəfərzadə çıxışında 2020-ci ilin xalqımız üçün tarixi bir il olduğunu, torpaqlarımızın işğaldan azad edildiyi 44 günlük Vətən müharibəsində idmançılarımızın da fəal iştirak edərək qəhrəmanlıqlar göstərdiyini vurğulayaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.
O, tarixi Qələbəyə xalqımızın həmrəyliyi, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən gənclərimizin inamı və ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti hesabına nail olduğumuzu diqqətə çatdırıb.
İdarə rəisi çıxışında, həmçinin digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Digər çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərlə yanaşı, idmançı döyüşçülərin göstərdiyi qəhrəmanlıqlardan da söz açıblar.
Tədbirin sonunda Vətən müharibəsində igidlik və şücaət göstərmiş lənkəranlı idmançılara Şəhər Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.

Regionlar 2021-03-06 08:41:00