×
A
A
A
Sazlamalar

Xocalı faciəsinə hüquqi baxış mövzusunda beynəlxalq simpozium keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” mövzusunda beynəlxalq onlayn simpozium keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İsveç və Qazaxıstandan olan alimlər, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın diaspor nümayəndəsi, fəal gənc dinləyici qoşulub.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayan tədbiri Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev açıb, simpoziumun keçirilməsinin əhəmiyyəti, milli və bəşəri mahiyyəti barədə ətraflı çıxış edib.
Simpozium işini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin moderatorluğu ilə davam etdirib.
Daha sonra professor Əmir Əliyevin “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində”, Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinin Hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gediklinin “Xocalı soyqırımına hüquqi yanaşmanın əhəmiyyəti”, İsveçin Malmö Universitetinin Qlobal Siyasi Tədqiqatlar İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru, professor Kamal Əliyevin “Xocalı soyqırımı - beynəlxalq humanitar hüquq kontekstində”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədovun “Soyqırımı cinayətinin tanıdılması istiqamətində diaspor fəaliyyətinin təşkili və beynəlxalq hüquq”, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq İnstitutunun direktoru, Qazaxıstan Beynəlxalq Hüquq Assosiasiyasının Prezidenti, professor Aron Salimqereyin “Xocalı faciəsi - Azərbaycan xalqına qarşı beynəlxalq cinayətdir: siyasi və hüquqi aspektlər”, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Cavid Abdullazadənin “Xocalı soyqırımına görə Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin “Soyqırımı və məcburi köçkünlərin pozulmuş hüquqları” mövzusunda məruzələri dinlənilib.
Türkiyəli professor Fethi Gedikli öz çıxışında Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və müvafiq beynəlxalq məhkəmə orqanlarında bu cinayəti törədən Ermənistanın ovaxtkı rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin xüsusilə vacib olduğunu qeyd edib.
Qazaxıstanlı professor Aron Salimqerey isə çıxışında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi faktlara söykənmədiyini, tam əsassız olduğunu bildirib. Həmçinin Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş erməni cinayətkar qruplarının beynəlxalq hüquq əsasında cəzalandırılmasının dünya miqyasında əhəmiyyətindən və bu istiqamətdə qarşıda dayanan vəzifələrdən danışıb.
Digər məruzələrdə də bununla bağlı elmi fikirlər irəli sürülüb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin iki yüz ilə yaxın müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğu vurğulanıb. Bu istiqamətdə Ermənistan dövlətinə qarşı beynəlxalq məsuliyyət tədbirlərinin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Simpoziumu yekunlaşdıran Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev iştirakçılara dəyərli məruzələrinə görə minnətdarlıq edib, bu xüsusda əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.

Diaspor 2021-02-27 19:33:00