×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: Şahidi olduğum erməni vəhşiliyini heç vaxt unutmaram VİDEO

Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin və ağır texnikasının iştirakı ilə Xocalıya hücuma keçərək, şəhəri yerlə-yeksan etdilər. Düşmən mühasirədən çıxaraq qaçan Xocalı sakinlərini təqib edərək amansızlıqla qətlə yetirdi.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin, həmçinin mülki əhalinin böyük rolu olub. Soyqırımı zamanı Ağdamdakı özünümüdafiə taborunun komandir müavini olmuş Şahbaz İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb: "Fevralın 25-də səhərə yaxın postları yoxlayıb yenicə qayıtmışdım. Ratsiyadan eşitdim ki, Xocalıda qırğın olub. Dərhal qərargaha gəldim. Özünümüdafiə batalyonundan 300 nəfərə yaxın könüllü yığılmışdı. Dəstələrə bölünüb müxtəlif istiqamətlərə yollandıq. Mən 9 nəfərlə Şelli-Naxçıvanlı istiqamətində getdim. Hava çox soyuq idi. Qar yağırdı. Biz orada dəhşətli mənzərə ilə qarşılaşdıq. Erməni dəstələri Xocalıdan qaçan sakinlərin qarşısını kəsərək qətliam törətmişdilər. Hər tərəf meyit və yaralı ilə dolu idi. Əksəriyyəti qadın, qoca, uşaq olmaqla yaralıları oradan çıxardıq. Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi. Bütün günü meyit daşıyırdıq. Belə faciə, belə dəhşət dünyada görünməyib. O zaman şahidi olduğum erməni vəhşiliyini heç vaxt unutmaram. Şelli kəndi yaxınlığında dağın döşündə ermənilər öldürdükləri azərbaycanlıların meyitlərini üst-üstə yığaraq səngər düzəltmişdilər".

Regionlar 2021-02-26 15:40:00

Video