×
A
A
A
Sazlamalar

Fuad Ələsgərov: Prokurorluqda müasir dövrün çağırışlarına uyğun olaraq yeni kadr islahatları həyata keçirilib

Bakı, 11 fevral, AZƏRTAC

Son dövrlərdə prokurorluq orqanlarında institusional və geniş kadr islahatları həyata keçirilib. Müasir dövrün çağırışlarına uyğunlaşmaq üçün çevik və funksional fəaliyyəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun strukturunda ciddi dəyişikliklər olub, yeni idarələr yaranıb, kadrlar təyin olunub. Nəticədə prokurorluq orqanlarının kadr korpusu əhəmiyyətli dərəcədə yenilənib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov fevralın 11-də Baş Prokurorluğun yeni inzibati bina kompleksində təşkil olunan tədbirdə deyib.
Prezidentin köməkçisi bildirib ki, dövlətimizin başçısı prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycan Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ən müasir tələblərə cavab verən yeni inzibati bina kompleksi buna nümunədir. Bu kompleks Prezident İlham Əliyevin Azərbaycan Prokurorluğuna yüksək qayğısının növbəti təzahürüdür. Yeni inzibati bina ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıq, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunub. Bütün bunlar işin daha səmərəli qurulmasına ciddi təkan verəcək. Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən, mühüm qərarlar qəbul edildi, onların vəzifə maaşları iki dəfə artırıldı. Prokurorluq orqanlarının vəzifəsi insanların hüquqlarını qorumaq, qanunvericiliyin keşiyində durmaqdır. Baş prokurorun təklifi ilə yaxın vaxtlarda qanunvericilik sahəsində də islahatlar həyata keçiriləcək.
Ötən il Azərbaycan dövlətinin tarixində ən şanlı dövrlərin yaşandığını vurğulayan Fuad Ələsgərov deyib: “Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməyə nail olub. Vətən müharibəsi dövründə prokurorluq orqanları da öz vəzifələrini əzmlə və fədakarlıqla yerinə yetirib. İstintaq zamanı prokurorluq əməkdaşları tərəfindən mövcud təhlükə və çətinliklərə baxmayaraq, hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətləri həyata keçirilib.
Prezident İlham Əliyevin prokurorluq orqanları əməkdaşlarının təltif edilməsi haqqında müvafiq Sərəncamı bütövlükdə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Şübhə etmirik ki, prokurorluq orqanlarının əməkdaşları Prezident İlham Əliyevin inam və etimadını bundan sonra da layiqincə doğruldacaq, qanunçuluğun və hüquq qaydasının qorunmasında peşəkarlıqla fəaliyyət göstərəcəklər”.

Sosial 2021-02-11 11:12:00