×
A
A
A
Sazlamalar

Bitki sağlamlığı sahəsində normativ texniki sənəd layihələri müzakirə edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Ölkədə bitki sağlamlığının təmin edilməsi məqsədilə elmi bazanın formalaşdırılması, müvafiq texniki normativ sənədlərin, təlimat və qaydaların hazırlanması istiqamətində Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən elmi araşdırmalar və risk qiymətləndirmələri davam etdirilir. Belə ki, institutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin bitki sağlamlığı şöbəsi tərəfindən həmin sahədə müxtəlif məsələləri özündə ehtiva edən 5 adda normativ texniki sənəd layihəsi hazırlanaraq institutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin sənəd layihələrində fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, beynəlxalq səviyyədə tənzimlənməsi, əmələ gəlməsinin qarşısının alınması yolları və insan sağlamlığına təsiri ilə əlaqədar müxtəlif araşdırmaların nəticələri təhlil edilib.
Elmi Komitədə keçirilən müzakirələrdə sənəd layihələri mütəxəssislər tərəfindən böyük marağa səbəb olub və bu barədə geniş fikir mübadiləsi aparılıb. Sənəd layihələri növbəti mərhələdə aidiyyəti qurumlara təqdim ediləcək.

Sosial 2021-01-25 17:42:00