×
A
A
A
Sazlamalar

“Azərbaycan ampeloqrafiyası” adlı fundamental əsərin növbəti cildi işıq üzü görüb

Naxçıvan, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda aqrar elmləri doktoru, dosent Varis Quliyevin və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmləri doktoru, dosent Vüqar Səlimovun həmmüəllifi olduğu “Azərbaycan ampeloqrafiyası” II cild monoqrafiyası işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Müəllim” nəşriyyatı tərəfindən nəşr edilmiş monoqrafiya Azərbaycan Respublikasında üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunub və 2017-ci ildə nəşr edilən “Azərbaycan ampeloqrafiyası” I cildin davamı olan fundamental kapital əsərdir.
Monoqrafiyanın ikinci cildi Giriş, Ümumi ampeloqrafiya, Rəqəmsal ampeloqrafiya, Xüsusi ampeloqrafiya bölmələrindən ibarətdir. Monoqrafiyada əsas bölmələr, üzüm sortlarının adları, ampelo-deskriptor xüsusiyyətləri rus və ingilis dillərində də verilib. Kitabdan digər xalqların da istifadə edə bilməsi üçün rəqəmsal qaydada beynəlxalq miqyasda qəbul edilmiş üzümün əsas irsi əlamətlərinin kodlaşdırılmış və şifrələnmiş sistemi əsasında yazılıb. Monoqrafiyada üzüm sortlarında genetik əlamətlərin OIV deskriptorları üzrə beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodları əsasında oxunması üçün ingilis və rus dillərində açarları verilib. Əsərdə 23 universal, 39 texniki, 17 seleksiya yolu ilə alınmış və 13 introduksiya olunmuş üzüm sortunun ampeloqrafik təsvirlərləri, ampelo-deskriptor xüsusiyyətləri və rəngli fotoşəkilləri yer alıb. Burada Azərbaycanda ampeloqrafik tədqiqatlara dair elmi əsərlərin siyahısı da öz əksini tapıb.
“Azərbaycan ampeloqrafiyası” II cild kapital əsəri ali məktəb tələbələri, magistrlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermerlər və digər oxucuların istifadəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, həmçinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” Azərbaycan Respublikasının aqrar sektorunda üzümçülüyə dair inkişaf strategiyasını müəyyənləşdirən mühüm dövlət sənədləridir. Azərbaycan Respublikasında üzüm genofondunun qorunmasına, üzümçülüyün genişləndirilməsinə, iqtisadi səmərəliliyinin artırılmasına, əhalinin təzə üzüm və ondan hazırlanan müxtəlif qida və sənaye məhsulları ilə etibarlı təminatına dair müvafiq Dövlət proqramlarının icrası istiqamətində elmi əsasların yaradılması mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. “Azərbaycan ampeloqrafiyası” monoqrafiyaları bu baxımdan əhəmiyyətlidir.

Regionlar 2021-01-25 12:38:00