×
A
A
A
Sazlamalar

Özbəkistanda 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirib

Daşkənd, 21 yanvar, AZƏRTAC
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Daşkənddə anım mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkənddəki diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, gənclər iştirak ediblər.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
RAMMM-ın sədri Firdovsi Hüseynov 31 il bundan əvvəl törədilən 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən danışıb.
Bildirilib ki, 20 Yanvar Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılıb. Vurğulanıb ki, o vaxt Moskvada yaşayan dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, Mixail Qorbaçov başda olmaqla, bu faciəni törədən keçmiş SSRİ rəhbərliyini ittiham edib.
Soydaşlarımızdan Yusif Əliyev, İsmayıl Məmmədov, Arzu Məhərrəmov, Soltan Xankişiyev və başqaları xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, ermənilərin qəsbkarlıq siyasətinə etiraz edən dinc əhaliyə sovet rejimi tərəfindən divan tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini pisləyiblər.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Diaspor 2021-01-21 17:39:00