×
A
A
A
Sazlamalar

İsrailli politoloq: Vətən müharibəsi Azərbaycan diasporunu da birləşdirdi

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan diasporu dövlətə və orduya dəstək üçün yumruq kimi birləşdi.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikir israilli politoloq Yuriy Boçarovun “Qafqazda müharibə Azərbaycan diasporunu birləşdirdi” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə müəllif, həmçinin bildirir ki, insanlar pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi, sosial şəbəkələrdə Azərbaycan diaspor nümayəndələrinin 100-lərlə məqalə, müzakirə və müraciətləri yayımlanıb.
Əsas diqqəti İsraildəki Azərbaycan icmasının gördüyü işlərə yönəldən Y.Boçarov yazır ki, təkcə bu ölkədə “Azİz”in rəhbərliyi ilə bir neçə kütləvi aksiya və nümayiş keçirilib. “İsrail ermənilərin və onların havadarı olan KİV-lərin hücum etdiyi Azərbaycanla bir səngərdə idi. Biz isə həmin günlərdə, bu müharibədə Azərbaycanla həmrəyliyimizlə bağlı məqalələr yaymaqla onların layiqli cavabını verdik. Təkcə “Azİz”in üzvləri Azərbaycanın haqlı mübarizəsini əks etdirən 200-dən artıq məqalə dərc etdirib. Bundan başqa, İsrail Azərbaycan əsgərinə yardım göndərən, müxtəlif fondlara maddi dəstək göstərən ilk ölkələrdəndir”, - deyə müəllif qeyd edib.
Vətənə sevginin başqa vaxtlarda bir-biri ilə rəqabətdə olan diaspor təşkilatlarını sıx birləşdirdiyini vurğulayan Y.Boçarov müharibə zamanı ABŞ-da “May vey”, Çexiyada “Natəvan” təşkilatlarının, Almaniya, Ukrayna və digər ölkələrdə Koordinasiya şuralarının həmrəylik aksiyaları təşkil etdiklərini xatırladıb.
Sonda Y.Boçarov Azərbaycandan köçənlərin əksəriyyətinin təcrübəli mütəxəssis kimi işğaldan azad olunmuş ərazilərimizin bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Diaspor 2020-12-22 11:50:00