×
A
A
A
Sazlamalar

Deputat: Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməkdə davam edir

Bakı, 26 noyabr, AZƏRTAC
Fransanın hazırkı hakimiyyəti təəssüf ki, əsl mahiyyətini göstərməkdə davam edir. Həmsədrlik mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Ordumuzun şanlı Qələbəsi nəticəsində artıq tarixə çevrilən qondarma rejimin tanınmasına dair qətnamə müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən Fransa Senatına təqdim olunub. Bir qrup ermənipərəst, antitürk və anti-Azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən Fransa Senatına belə bir təklifin edilməsi bu ölkənin indiki hakimiyyətinin adekvat olmadığını və Fransa Prezidentinin siyasətdə naşı olduğunu göstərir. Bu deputatlar ilk baxışdan və əqidə baxımından Fransa Prezidenti Emmanuel Makrona rəqib siyasi qüvvələrin nümayəndələri sayılsalar da, əsl həqiqətdə onlar Makronla eyni mövqedən çıxış edirlər. Bu, əvvəlcədən razılaşdırılmış siyasi oyun, siyasi kombinasiyadır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Fransa Senatının məlum qətnaməsi Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, bu 4 qətnamənin qəbuluna Fransa da səs verib, onda Senatın bu addımı öz-özünü inkar deməkdir. Bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqenin ortaya qoyulması qəbuledilməzdir.
T.Cəfərovanın sözlərinə görə, Fransa nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, eyni zamanda, sentyabrın 27-dən fəal döyüş əməliyyatları başlayandan bəri mandatına zidd olaraq münaqişə tərəflərindən birini aşkar şəkildə dəstəkləyib, Makron isə heç bir fakt və əsas olmadan muzdlularla əlaqədar Azərbaycanın ünvanına şəxsən böhtan və ittihamlar səsləndirib. Belə olan halda, neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın Prezidentinin və xarici işlər nazirinin Qarabağ probleminin nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan siyasi tərbiyəsizlikdir.
“Rusiya, Azərbaycan və Ermənistan arasında bəyanatın imzalandığı bir vaxtda Fransanın Prezidentinin, xarici işlər nazirinin sərsəm açıqlamaları həmin əldə edilmiş razılaşmanın reallaşması perspektivinə xələl gətirir və regionda müharibənin bərpasına gətirib çıxara bilər. Makrona məsləhət görərdik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyənləşdirmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Fransa dövləti bundan sonra verəcəyi bəyanatlardan əvvəl bir az tarixə nəzər salmalıdır. Bu qeyri-peşəkar, qərəzli bəyanatlar tamamilə əsassızdır və Azərbaycan dövləti tərəfindən qəbul edilməyəcək”, - deyə deputat vurğulayıb.
Tamam Cəfərovanın fikrincə, 30 il ərzində münaqişənin nizamlanması ilə bağlı heç nə etməyən, Cənubi Qafqaza heç bir təsir mexanizmi olmayan rəsmi Parisin həmsədr kimi mandatını təhvil verməsi və öz daxili problemləri ilə məşğul olması yaxşı olardı. Bu gün dinlər və xalqlar arasında toqquşma meydanına çevrilən Fransa Azərbaycanla, ölkəmizin daxili işi ilə bağlı açıqlamalar verərkən, dönüb güzgüdə özünə baxsın.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Siyasət 2020-11-26 19:38:00