×
A
A
A
Sazlamalar

Müzəffər Ali Baş Komandan xalqımızı 30 illik arzu və istəklərinə qovuşdurdu

Naxçıvan, 18 noyabr, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici Qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov deyib. O bildirib ki, cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi.
Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinin səbəbləri barədə danışan Toğrul Xəlilov deyib ki, ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq arenada nüfuzumuzun daha da artması, qüdrətli ordumuzun yaradılması bunun başlıca səbəblərindəndir. Ancaq unutmuruq ki, ordumuzun gücü qarşısında davam gətirə bilməyən qorxaq ermənilər öz çirkin əməllərinə, xislətlərinə sadiq qalaraq müharibə dövrünün qanunlarına əməl etmədi. Terror və təxribat cəhdləri, müharibə cinayətləri törətdilər. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq məqsədyönlü şəkildə qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini və infrastrukturu hədəfə aldılar. Hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı, Siyəzən, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini qadağan edilmiş silahlardan, raketlərdən, toplardan atəşə tutdular, mülki əhalini vəhşicəsinə qətlə yetirdilər. Bu, erməni vandalizminin, erməni vəhşiliyinin aşkar nümunəsi idi.
Toğrul Xəlilov qeyd edib ki, güclü Azərbaycan Ordusu səbir, təmkin və peşəkarlıq nümayiş etdirdi, bütün döyüş əməliyyatlarını yalnız legitim hədəflər üzərində apardı, düşmənə dağıdıcı zərbələr vurdu. Müzəffər Ali Baş Komandan, qüdrətli və yenilməz sərkərdə İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarını gündən-günə daha əzmlə, ruh yüksəkliyi və peşəkarlıqla davam etdirərək tarixi ədaləti bərpa etdi.
“Döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də aparılan müharibə bizi Qələbəyə apardı. Ali Baş Komandan, demək olar ki, hər gün dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi dolğun müsahibələrində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrin, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarlarının, bəyannamələrinin yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində mühüm təsirə malik olan beynəlxalq təşkilatların və siyasi güc mərkəzlərinin hər zaman mövcud problemə ikili standartlarla yanaşdığını, öz qərəzli mövqelərini açıq şəkildə nümayiş etdirdiyini bildirdi. Bu da dünya birliyinə Azərbaycanın ədalətli mövqeyinin çatdırılması baxımından mühüm amil oldu”, - deyən Toğrul Xəlilov diqqətə çatdırıb ki, dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində heç kəs qələbə əzmimizə və zəfər yolumuza mane ola bilmədi. Dövlət-xalq-ordu birliyi bizi Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya və digər ərazilərimizə qovuşdurdu. Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Regionlar 2020-11-18 18:25:00