×
A
A
A
Sazlamalar

Gülər Quluzadə: Bu tarixi zəfər xalqımızın həyatında ən böyük və yaddaqalan uğurlardan biridir

Bakı, 11 noyabr, AZƏRTAC

Dahi yazıçı Qabriel Qarsiya Markesin ”Yüzillik yalqızlıq” əsərində belə bir məqam var: yerin ucunu axtarmağa çıxan insanlar nəhayət Makondanı vətən seçirlər. Çünki orda ilk dəfə doğmalarından biri ölür və Makondada torpağa tapşırılır. Romanın qəhrəmanlarından biri deyir ki, doğmamız basdırılan torpaq artıq bizim vətənimizdir. Onu qoyub heç yerə gedə bilmərik. Buralarda qalıb onun ruhunun keşiyində durmalıyıq.
Bəli, torpağın təkcə üstü deyil, altı da vətəndir və torpağı vətən edən də ona basdırılan, ona qarışan doğma insanlardır. Bəs torpağa basdırılan, ona qarışan insan həmin torpaq uğrunda şəhid olubsa necə? O zaman torpaq ikiqat, üçqat vətənə çevrilir və onun mənəvi dəyəri daha da yüksəlir.
Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə AZƏRTAC-ın müxbirinə bu sözləri Qarabağ münaqişəsində xalqımızın əldə etdiyi tarixi zəfəri şərh edərkən deyib.
O, son ay yarım ərzində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş keyfiyyətinə, Prezident, Ali Baş Komandan İlham Əliyevin illərdən bəri bu sahədə apardığı ardıcıl mübarizəni və onun nəticəsi olaraq haqq savaşındakı hərbi uğurlara, xalq-dövlət birliyinə yüksək dəyər verərək fikrini belə ifadə edib: “Şübhəsiz ki, bu, xalqımızın həyatında ən böyük və yaddaqalan uğurlardan biridir. Lakin bu zəfərin hansı zəhmət və necə böyük əziyyət hesabına qazanıldığını da unutmamalıyıq. Torpaq asanlıqla qazanılmır. Onun hər qarışı uğrunda neçə-neçə şəhid qanı tökülüb. Xalqımızın vətənpərvər oğulları ölümü gözlərinə alaraq düşmənin üstünə getdilər. Əsgərlərimizin göstərdiyi qəhrəmanlıq nümunəsi düşmənin ən peşəkar hərbçilərində də heyrət doğurub. Belə fədakarlıq yalnız ali məqsəd uğrunda və vətənə olan sonsuz məhəbbət naminə ola bilər. Mürəkkəb relyefə və yüksək dağlıq şəraitinin çətinliyinə baxmayaraq Azərbaycan döyüşçüləri xalqımızın apardığı ədalət savaşında özlərini müasir hərb sənətinin ən yaxşı biliciləri kimi göstərdilər”.
“Sentyabrın 27-dən başlanan zəfər yürüşü xalqımızın Qarabağ torpaqlarında ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Hesab edirəm ki, bu, Azərbaycan tarixində əldə edilən ən böyük və möhtəşəm qələbələrdən biridir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının işğalçılardan azad edilməsi, Qarabağın incisi sayılan Şuşaya bayraq sancılması, Suqovuşan kəndi və Hadrut qəsəbəsinin yaraqlılardan təmizlənməsi bu qələbənin ən şanlı səhifələrindən biridir. Qalan ərazilərin boşaldılaraq geri qaytarılması hərbi və diplomatik uğurların davamı, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına dönüşü isə bu uğurların ən layiqli nəticəsi olacaqdır”, - deyə Gülər Quluzadə bildirib.

Sosial 2020-11-11 16:04:00