×
A
A
A
Sazlamalar

Ermənistanda yeni iş yerləri açılmır, iqtisadi inkişaf baş vermir

Bakı, 11 noyabr, AZƏRTAC

"Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli əmək bazarlarının vəziyyətinin monitorinqi 2016-2019" qısa statistik məcmuəsi dərc edilib. Məcmuədə MDB ölkələrinin əmək bazarlarında formalaşan əsas prosesləri xarakterizə edən statistik məlumatlar təqdim edilib. Statistik məcmuədəki göstəriciləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Vüsalə Cəfərova Azərbaycan və Ermənistan üzrə təhlil edib. Departament rəhbərinin AZƏRTAC-a verdiyi məlumata görə, təqdim olunan statistik göstəricilərin təhlili göstərir ki, təhsilin səviyyəsinə görə orta təhsil üzrə Azərbaycanda hər min nəfər əhalinin sayına görə 569 olduğu halda bu rəqəm Ermənistanda 447 təşkil edir. Ali, orta və ilk peşə təhsili müəssisələrindən mütəxəssislərin buraxılışı üzrə Azərbaycanda hər 1000 nəfərə düşən sayı 2016-2019-cu illər üzrə 37 nəfər olmaqla artan dinamikanı əks etdirir. Ermənistanda isə əksinə bu göstərici 2016-da 25,5 olduğu halda hər il azalma müşahidə edilməklə 2019-cu ildə 21 nəfər təşkil edib.Əmək bazarında məşğul əhali sayı üzrə orta hesabla illik işçi qüvvəsi məlumatına görə Azərbaycanda 2016-cı ildə təxminən 4 milyon 700 nəfərdən 2019-cu ildə 4 milyon 900 nəfərə qədər artdığı halda Ermənistanda bu göstərici hər il azalmaqla cəmi 1 milyon nəfər təşkil edib ki, bu da MDB üzrə Moldovadan sonra ən aşağı göstəricidir.
Əhali sayına görə də Ermənistan əhalisi Azərbaycan əhalisindən 3 dəfədən də çox az olmasına baxmayaraq Azərbaycanda monitorinq olunan dövr ərzində artım dinamikası müşahidə olunduğu halda, Ermənistanda bu göstərici dəyişməz olaraq göstərilib ki, bu da uzunmüddətli dövrdə bu ölkənin demoqrafik böhranla üzləşəcəyini qaçılmaz edir.
Azərbaycanda məşğulluq səviyyəsində artım müşahidə olunmaqla tədqiqat olunan dövr ərzində 71.4 faizdən 72.4 faizə qədər artım baş tutduğu halda bu göstərici Ermənistanda 2016-cı ildən 52 faizdən sonrakı 3 ildə azalan xətlə 2018-ci ildə 49.7 faiz təşkil edib. Qeyd edilməlidir ki, Azərbaycan bu göstərici üzrə MDB səviyyəsində 1-ci yeri tutduğu halda Ermənistan Tacikistandan sonra MDB üzrə ən aşağı səviyyədə qərarlaşıb.



İşsizlik səviyyəsi Azərbaycan üzrə tədqiqat dövrü ərzində azalan dinamika ilə 2019-cu ildə 4.9 faizə qədər azaldığı halda Ermənistan üzrə bu rəqəm hər il üzrə dəyişməz olaraq 18.4 faiz təşkil edib ki, bu MDB üzrə ən aşağı göstəricidən belə 2 dəfə aşağıdır. Bu, onu deməyə əsas verir ki, ölkədə real iqtisadi artım əslində mövcud deyil, yeni iş yerləri açılmır və iqtisadi inkişaf baş vermir.

Tədqiqatda gənclər arasında işsizlik səviyyəsinin Azərbaycan üzrə tədqiqat dövrü ərzində hər il azalmaqla 12.4 faiz təşkil etdiyi halda Ermənistanda bu göstərici təxminən 3 dəfə yüksək olmaqla və bəzən kəskin artım müşahidə olunmaqla 31,9 faiz olub bu da MDB üzrə ən aşağı göstəricidən 2 dəfə artıqdır.

Sosial 2020-11-11 13:42:00