×
A
A
A
Sazlamalar

Qarabağ zəfərinin əsas memarı Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanıdır

Bakı, 10 noyabr, AZƏRTAC

Ermənistanın kapitulyasiyası ilə bağlı sənəd Azərbaycanın tarixi uğuru və qalibiyyət simvoludur. Bu zəfərin əsas memarı isə Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanıdır. Eyni zamanda, bu tarixi razılaşma Azərbaycanın hərbi-siyasi qüdrətinin təcəssümüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O qeyd edib ki, Ermənistanın təslim olması, Qarabağın azadlığı ilə bağlı sənəd hər şeydən əvvəl dövlətimizin, ordumuzun, Müzəffər Ali Baş Komandanımızın gücünün, məğlubediməzliyinin təsdiqidir. Bu sənəd rəsmi şəkildə sübut etdi ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında acizdir, çarəsizdir və işğal altında qalan digər torpaqları azad etməklə yeni itkilərdən, yeni hərbi məğlubiyyətlərdən xilas olmağa çalışır. Çünki Azərbaycan Ordusunun sürətli və dağıdıcı hücumları fonunda böyük itkilər verən Ermənistan, gec də olsa başa düşdü ki, işğal etdiyi torpaqları tərk etməlidir. Bu torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq.
Böyük qələbə günü münasibətilə xalqımızı, ordumuzu və Müzəffər Ali Baş Komandanımızı təbrik edən polkovnik Cəlil Xəlilov əlavə edib ki, bu zəfər Azərbaycan dövlətinin, xalqımızın gücünü bütün dünyaya göstərdi. Beynəlxalq birlik bir daha şahid oldu ki, Azərbaycan işğal altındakı torpaqlarını Ordusunun gücü ilə azad etməyə, ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bu məsələdə ona heç kim mane ola bilməz.
“Bu gün bütün xalqımız bu böyük zəfəri əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Bu zəfər əsrlər sonra da Azərbaycanın tarixi uğuru kimi, sevinc və sevgi hissi ilə xatırlanacaq, gələcək nəsillər xalqımızın ağır sınaqlardan necə üzüağ və alnıaçıq çıxdığının şahidi olacaq, bununla fəxr edəcəklər”, - deyə polkovnik vurğulayıb.

Sosial 2020-11-10 16:53:00