×
A
A
A
Sazlamalar

Elnur Ələkbərov: Xalqımızın həyatında xüsusi yeri olan bu günləri yaşamağa dəyər

Bakı, 9 noyabr, AZƏRTAC
“Otuz illik həsrətə son qoyulması, xalqımızın öz tarixi torpaqlarına sahib olması məni hədsiz sevindirir. Qarabağın incisi sayılan Şuşa şəhərinin Azərbaycan Milli Ordusunun nəzarəti altına keçməsi xüsusilə çox mühüm hadisədir. Hesab edirəm ki, torpaqlarımızın bütünlüklə erməni hərbi birləşmələrinin işğalından azad ediləcəyi gün heç də uzaqda deyil” , – deyə ehtiyatda olan Qarabağ qazisi Elnur Ələkbərov AZƏRTAC-a bildirib.
23 yaşlı keçmiş döyüşçü Tovuz rayonunun erməni hərbçilərinin hücumundan qorunması zamanı sağ ayağından yaralanıb. İkinci qrup əlil olan Elnur Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində Avropa istehsalı olan müasir protezlə təmin olunub. Noyabrın 9-da isə bir qrup müharibə veteranı və imtiyazlı şəxslə birlikdə ona da minik avtomobili hədiyyə olunub.
O, daha sonra deyib: “Bu qayğıya, sağlamlığımıza göstərdiyi diqqətə, məişət problemlərinin həllinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çox böyük minnətdarlıq edirəm. Onun rəhbərliyi ilə son ay yarımda Milli Ordunun göstərdiyi hünər və rəşadət hər cür alqışa layiqdir. Azərbaycan Ordusu yeni tarix yazır. Bu tarixin yazılmasında əməyi keçən hər kəs ən yüksək qiymətə və ən xoş sözlərə layiqdir. Xalqımızın həyatında xüsusi əhəmiyyəti və yeri olan bu günləri yaşamağa dəyər”.

Sosial 2020-11-09 15:03:00