×
A
A
A
Sazlamalar

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb VİDEO

Tokio, 4 noyabr, AZƏRTAC

Tokionun Minato rayonunda yerləşən “Hosui” ibtidai məktəbində keçirilən Azərbaycan haqqında təqdimat bu təhsil ocağının şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təşkil olunan tədbirdə məktəbin 100-dən çox şagirdi və müəllim heyəti iştirak edib.
Təqdimatda “CMC” təşkilatının əlaqələndiricisi Mitsuko Şudou son illər Yaponiyada Azərbaycana marağın həddindən artıq çoxaldığını bildirib. Qeyd edib ki, ölkəmiz qısa müddətdə əldə etdiyi uğurlar, sürətli və dinamik inkişafı ilə bütün dünya ilə yanaşı, yaponların da diqqətini özünə cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərara alınıb. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ilə yaxındır Tokioda yaşayır və elektronika sahəsi üzrə mütəxəssis kimi yalnız Yaponiyada deyil, dünyanın digər ölkələrində də yaxşı tanınıb.
Sonra mərkəzin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyinin bərpasından sonra əldə edilən uğurları, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.
Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Xəlil Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çox sayda yeni məktəbin inşa olunduğunu, köhnələrin əsaslı təmirdən sonra yeni avadanlıqla təmin edildiyini vurğulayıb. O, ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini bildirib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.
Məktəblilərə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın və ətrafda yerləşən yeddi rayonun Ermənistan ordusu tərəfindən işğaldan azad edilməsi ilə məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar barədə də məlumat verilib. Qeyd edilib ki, artıq bir aydan çoxdur davam edən döyüşlər nəticəsində həmin ərazilərin xeyli hissəsi qaytarılıb. Vurğulanıb ki, Azərbaycan Ordusu yalnız hərbi obyektləri məhv etdiyi halda, Ermənistan döyüş zonasından xeyli aralıda yerləşən yaşayış məskənlərinə raket zərbələri endirir. Nəticədə mülki əhali, o cümlədən uşaqlar həlak olurlar və yaralanırlar. Bu, beynəlxalq humanitar hüququn pozulmasıdır və beynəlxalq ictimaiyyət buna səssiz qalmamalıdır.
Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə danışan mərkəzin sədri soydaşlarımızın bu “Gündoğar ölkə”nin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak etdiklərini deyib. Bildirilib ki, əsasən ziyalılardan ibarət Azərbaycan icmasının üzvləri Yaponiya ali məktəblərində təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə, elm və mədəniyyət müəssislərində çalışaraq ölkənin inkişafına öz töhfələrini verməkdədirlər.
Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini bildirən Xəlil Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirilib ki, hər il İsmayıllıdan Yaponiyaya və İtodan Azərbaycana səyahət edən şagird və müəllimlər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.
Tədbirdə Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın ifa etdiyi milli rəqslər uşaqların böyük marağına səbəb olub, onların sürəkli alqışları ilə qarşılanıb.
Sonra şagirdlərin sualları ətraflı cavablandırılıb.
Tədbirdə çıxış edən şagirdlər maraqlı məlumata görə qonaqlara minnətdarlıqlarını bildiriblər.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2020-11-04 14:46:00

Video