×
A
A
A
Sazlamalar

Monrealda erməni terroruna etiraz edilib

Bakı, 2 noyabr, AZƏRTAC

Kanadanın Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmalarının nümayəndələri də iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumlarını kəskin şəkildə pisləyiblər.

Siyasət 2020-11-02 19:51:00