×
A
A
A
Sazlamalar

“Brent” neftinin qiyməti maydan bəri ən aşağı səviyyəyə enib

Neft bazarında COVID-19-la bağlı narahatlıqlar artır

Bakı, 29 oktyabr, AZƏRTAC
Qlobal neft bazarında koronavirusun ikinci dalğasına dair narahatlıqlar artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu narahatlıqlar fonunda dünya birjalarında xam neft qiymətləri ucuzlaşır.
Koronavirus epidemiyasına yoluxma hallarının artması, bunun müqabilində isə bəzi ölkələrin yeni məhdudiyyətlər elan etməsi neft bazarında tələbata əsaslanan narahatlıqların dərinləşməsinə səbəb olur. Belə ki, artan COVID-19 halları və tələbatla bağlı narahatlıqlar fonunda neft qiymətləri azalır. “Brent” markalı xam neftin qiyməti may ayından bəri ən aşağı səviyyəyə - 37 dollar/barreldən aşağı enib.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkədəki xam xam neft ehtiyatlarının keçən həftə 4,3 milyon barrel (0,9) artaraq 492,4 milyon barrelə çatdığını açıqlaması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra neft istehsalının yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.
Tələbatla bağlı isə, dünya miqyasında COVID-19-a yoluxmaların artmasının beynəlxalq neft bazarlarında yaratdığı qlobal neft tələbatının zəif qalmaqda davam edəcəyi kimi narahatlıqlar qiymətlərə təzyiq göstərməyə davam edir.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 36,84 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 35,09 dollara satılır.

 

Neft - qaz 2020-10-29 18:08:00