×
A
A
A
Sazlamalar

Türkiyə Azərbaycan təbii qazının idxalını artırıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Avqust ayında Türkiyə Azərbaycandan 986 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, avqustda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyul ayı ilə müqayisədə 107 milyon kubmetr azalıb. Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə (birinci yerdə Rusiya - 1,3 milyard kubmetr) qərarlaşıb.
Bu ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 7 milyard 522 milyon kubmetr təbii qaz alıb.
Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib.
Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. İlin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü 32,8 milyon kubmetr təbii qaz təşkil edib. Yarım ildə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat və 5 milyon dollar əsaslı xərclər sərf olunub.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb. CQBK-nin texniki operatoru SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-dir. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.
2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.
TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.
Cari ilin yanvar-sentyabr aylarında TANAP boru kəməri ilə Türkiyəyə 3,2 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən bu vaxtadək isə TANAP-la Türkiyəyə 7,1 milyard kubmetrdən çox qaz nəql edilib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Neft - qaz 2020-10-29 17:06:00