×
A
A
A
Sazlamalar

Səfir: Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır

Bakı, 29 oktyabr, AZƏRTAC
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev Yaponiyanın ölkəmizə yeni təyin olunan səfiri Cuniçi Vada ilə görüşüb.
ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Yaponiya ilə Azərbaycanın enerji sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi JICA-nın dəstəyi ilə həyata keçirilən layihələr müzakirə edilib. Eyni zamanda, Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb.
Səfir bildirib ki, bərpaolunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də yapon şirkətlərinin maraq dairəsindədir.
B.Rzayev isə qeyd edib ki, Azərbaycanla Yaponiyanın elektroenergetika sahəsindəki əməkdaşlığı 20 ildən artıqdır uğurla davam edir və Yaponiya bu sahədə etibarlı tərəfdaşdır.
Görüşdə Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir C.Vada Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsinin nəşrin birinci səhifəsində dərc edildiyini və yapon xalqının Azərbaycanın mövqeyindən xəbərdar olduğunu vurğulayıb.
Bununla yanaşı, hazırda regionda baş verənlərlə bağlı ətraflı və dəqiq məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.

Energetika 2020-10-29 11:22:00