×
A
A
A
Sazlamalar

BERNAMA agentliyi ermənilərin Bərdədə törətdikləri terror aktından yazır

Kuala Lumpur, 28 oktyabr, AZƏRTAC

Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində biri uşaq olmaqla, dörd nəfərin həlak olması və daha 13 nəfərin yaralanması barədə məlumat yayıb.
Məlumatda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına da xüsusi yer verilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində gözlənilən görüşü ərəfəsində baş verən terror aktı Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının əyani sübutudur və danışıqların bütün vasitələrlə pozulmasına xidmət edir.
Azərbaycan XİN-in bəyanatından gətirilmiş sitatda deyilir: “Biz beynəlxalq ictimaiyyəti günahkarların məsuliyyətə cəlb olunması üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.
Məlumatda qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə bazar günü elan edilən son humanitar atəşkəs oktyabrın 26-da səhər saat 8-də qüvvəyə minməli olduğu halda, rəsmi Bakı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini atəşə tutduğunu bildirib.
Bununla yanaşı, buna qədər elan edilən daha iki humanitar atəşkəsin də məhz Ermənistan tərəfindən pozulduğu məlumatda əksini tapıb.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Siyasət 2020-10-28 15:21:00