×
A
A
A
Sazlamalar

Şəhid hərbçilərin istehlak kreditlərinin silinməsinin icra mexanizmləri müzakirə edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Şəhid hərbçilərin banklara olan istehlak kreditlərinin silinməsinin icra mexanizmləri müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak ediblər.
İclasda Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinin torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi haqqında qərarın hüquqi prosedurları ilə bağlı fikir mübadiləsi aparılıb, icra mexanizmi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

Maliyyə 2020-10-27 17:28:00