×
A
A
A
Sazlamalar

Muxtar respublikada payız-qış mövsümünün uğurla başa vurulması üçün silsilə tədbirlər görülüb

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Аli Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar bu il avqustun 12-də keçirilən müşavirədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanmış və icrası təmin edilməkdədir.
Nаxçıvаn Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə birlikdə 772 qazanxanada texniki və yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılaraq suqızdırıcı qazanların, qaz-boru xətlərinin, nəzarət-ölçü cihazlarının texniki cəhətdən sazlığına nəzarət edilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülüb, yeni istifadəyə verilmiş 8 qazanxana qeydiyyata alınıb. Naxçıvan, Ordubad və Şərur şəhərlərində fəaliyyət göstərən peşəyönümlü məktəblərdə 157 nəfər qazanxana maşinisti kursuna cəlb olunub, bu müdavimlərlə əməyin mühafizəsi, siqnalizasiya, elektrik avadanlıqları və yanğın təhlükəsizliyinə nəzarət fənlərinin tədrisi nazirlik tərəfindən təmin edilib.
Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq məqsədilə Nаxçıvаn Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə birgə 126 ticarət obyektinə baxış keçirilib, sahibkarlar və istehlakçılar əvvəlcədən məlumatlandırılaraq onlara bildirişlər təqdim edilib.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3 min 407 obyektdə yanğın texniki müayinələr keçirilib, 23 min 960 şəxsi yaşayış evində və mənzillərdə profilaktik işlər həyata keçirilib, 85 min 193 nəfər yanğına qarşı təlimatlandırılıb. Yaşayış evlərinə və mənzillərə baxış keçirilərək yanğın cəhətdən təhlükəli оlan 367 ədəd elektrik xətti, 795 şlanqla çəkilmiş qaz xətti və qeyri-standart qaz sobasının, 83 qazla işləyən nasaz suqızdırıcının istismarı dayandırılıb, 44 оt-saman tayasının yeri dəyişdirilib. Dəm qazı ilə zəhərlənmələrin qarşısını almaq üçün 17 ictimai yaşayış binasında 515 mənzilin tüstü bacası yoxlanılıb, оnlardan 398-i təmizlənib.
431 müəssisədə 19 min 135 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib, ticarət mərkəzlərində, mərkəzləşdirilmiş qazanxanalarda, habelə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə Naxçıvan Dövlət Televiziyasının iştirakı ilə 2 veriliş, 7 maarifləndirici tədbir, Naxçıvan Dövlət və “Naxçıvanın səsi” radiolarında maarifləndirici verilişlər hazırlanıb. “Şərq qapısı” qəzetində və yerli qəzetlərdə müxtəlif mövzularda məqalələr dərc edilib, internet saytlarında materiallar işıqlandırılıb.
Muxtar respublikada fövqəladə hallarda fəaliyyəti zəruri olan 120 müəssisə və təşkilatda fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Nazirliyin struktur qurumlarında, yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işləri aparılıb. Nazirliyin balansında olan xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçirilməsi planlı şəkildə təşkil olunub, 2 yanğın avtomobili əsaslı təmir edilib. Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtkü materialları ehtiyatı yaradılıb.

Regionlar 2020-10-23 15:47:00