×
A
A
A
Sazlamalar

Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini 150-dən çox beynəlxalq təşkilata göndərib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ordumuzun bölmələrini və yaşayış məntəqələrimizi atəşə tutması, mülki şəxsləri hədəfə alması ilə nəticələnən müharibə cinayətləri ilə bağlı hesabat xarakterli müraciətini 150-dən çox beynəlxalq təşkilata göndərib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam etməkdədir. Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir. Bu müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq Ermənistan Respublikasının ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalıb və ciddi ziyan görüb, qadağan olunmuş silah və sursatlardan istifadə edilib, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb olunub, iki dəfə razılaşdırılmış və elan olunmuş humanitar atəşkəs pozulub.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.
Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan Respublikası rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunub.
Müraciətin Azərbaycan, rus və ingilis dillərində mətni Vəkillər Kollegiyasının internet səhifəsində yerləşdirilib.

Sosial 2020-10-23 15:05:00