×
A
A
A
Sazlamalar

Deputat: Qarabağ uğrunda müharibə xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir

Bakı, 23 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Qarabağ uğrunda müharibə xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir. Bu mübarizədə Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq, həmrəylik göstərir. Hamı bir yumruq kimi birləşərək, düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsi naminə sonuncu erməni silahlısı torpaqlarımızdan çıxarılana qədər vuruşmaqda israrlı olduğunu nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib.
Ə.Məsimili qeyd edib ki, 30 ilə yaxındır Ermənistanın işğalında qalan yurd yerlərimiz bir-birinin ardınca azad olunur, həmin torpaqlarda bayraqlarımız dalğalanır. Əllidən çox siyasi partiya, yüzlərlə QHT bəyanat verərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini və dövlətimizin başçısının yanında olduqlarını bildiriblər. “Biz tarix yazırıq. Azərbaycan Prezidenti torpaq alan dövlət başçısı kimi möhtəşəm tarix yazır. Böyük Qələbəni qazanmağımıza çox az qalıb. Yaşadığımız və şahidi olduğumuz hadisələr şanlı tarixdir və hər birimizin qəlbini qürur hissi ilə doldurur”, - deyən deputat, həmçinin tariximizi yaşatmağın vacibliyindən danışıb.
Xudafərin körpüsü ilə bağlı fikirlərini bölüşən Ə.Məsimli deyib: “Digər ərazilərimiz, yurd yerlərimiz kimi, tarixi əhəmiyyəti və böyük dəyəri ilə seçilən Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması hər birimiz üçün fəxrdir. Dörd il bundan əvvəl Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı saziş imzalandı. O zaman buna görə hakimiyyəti ittiham edən bəzi qüvvələr bu sazişin əhəmiyyətini anlamırdılar. Amma fakt ondan ibarətdir ki, tərəflər BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalamışdılar”.
Əli Məsimli diqqətə çatdırıb ki, indiki reallıq Prezident İlham Əliyevin həqiqətən də böyük siyasi xadim, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Bu layihələrin icrası işğaldan azad olunmuş ərazilərimizin bərpasında və sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişafı mümkün olacaq.

Siyasət 2020-10-23 14:10:00