×
A
A
A
Sazlamalar

“COVID–19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsinə başlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 1-dən Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İsmayıllı rayonunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “COVID–19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsinin icrasına başlayıb. Layihə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə həyata keçirilir.
AMFA-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi COVID–19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara, o cümlədən sağlamlıq imkanları məhdud qadınlara dəstək verməkdir. Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil, kənd icmalarından olan 40 qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.
Layihə, həmçinin COVID-19-un DİM 1 - yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 - yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5 - gender bərabərliyi və DİM 8 - layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək.

Regionlar 2020-10-23 12:16:00