×
A
A
A
Sazlamalar

İndoneziyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı virtual müzakirələr keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) təşəbbüsü ilə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini anlamaq: İndoneziya və gənclərinin rolu” mövzusunda İndoneziyada virtual canlı müzakirələr keçirilib.
İƏT GF-dən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə Azərbaycandan və İndoneziyadan beynəlxalq və siyasi ekspertlər, parlament, təşkilat və səfirlik nümayəndələri iştirak ediblər.
Müzakirələrin açılışında İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının parlamentlərarası əməkdaşlıq orqanının sədri Fadli Zon çıxış edərək Ermənistanı BMT qətnamələrinin tələblərini yerinə yetirməyə və Dağlıq Qarabağı qeyd-şərtsiz tərk etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnamə qəbul etdiyini xatırladan F.Zon bu sənədlərdə Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olmasının yer aldığını bildirib.
Beynəlxalq münasibətlər üzrə ekspert, İndoneziya Xarici İşlər Nazirliyinin və Təhsil Nazirliyinin dövlət təqaüdçüsü olmuş Elmar İsgəndərov, eləcə də “Greenwood Holding”in layihə rəhbəri Anar Yusifzadə iştirakçılara Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın təcavüzü, erməni vandalizmi nəticəsində Qarabağdakı Azərbaycan məscidlərinin və mədəni abidələrinin dağıdılması və ermənilərin dünya müsəlmanlarını təhqir edərək məscidlərdə donuz saxlamalarını, Gəncənin mülki əhalisinə qarşı erməni terroru, münaqişə zonasından uzaq yerləşən Mingəçevir, Abşeron ərazilərinə də Ermənistan tərəfinin raket hücumları haqqında məlumat verib.
Çıxışlarda Ermənistanın təkcə Dağlıq Qarabağı deyil, ətraf 7 rayonu da işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Xocalı soyqırımı zamanı 613 dinc sakinin, o cümlədən qadın, uşaq və qocanın qətlə yetirildiyi bildirilib. İndoneziyanın ən böyük müsəlman ölkəsi kimi, BMT, İƏT, Azərbaycanın hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatının üzvü olaraq ölkəmizə daha güclü dəstək verilməsinin zəruriliyi diqqətə çatdırılıb.
İndoneziya İƏT GF-nin rəhbərliyi başda Syafii Efendi və Tantan Taufiq Lubis olmaqla bütün üzvləri Azərbaycanın yanında olduqlarını bildirib, Azərbaycana daim dəstək olacaqlarını vurğulayıblar.

Sosial 2020-10-22 19:18:00