×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir

Bakı, 22 oktyabr, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində bu qətnamələrə nümayişkaranə surətdə məhəl qoymayan işğalçı Ermənistana ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi. Bu günə qədər dünya birliyi təcavüzkarla təcavüzə məruz qalana eyni prinsiplər əsasında yanaşdığına, hətta əksər hallarda işğalçıya dəstək olduğuna görə Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşmışdı ki, “Qarabağ Ermənistandır” deyirdi, hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxarmışdı. Ən acınacaqlı mənzərə isə odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin yadından tamamilə çıxmışdı. Digər ölkələrə münasibətdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda, Ermənistanla bağlı həmin sənədlərə toxunmurdular. “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə işğalçı qoşunların Azərbaycanın zəbt olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin çox təəssüflər olsun ki, özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan bu tələbləri qulaqardına vurur, qudurğanlığına və özbaşınalığına görə işğalçı dövlətə güldən ağır söz deyən olmurdu. Faktiki olaraq 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə işğal altındakı torpaqlarımızı azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edir. Bununla da Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti öz silahı gücünə, zəfər döyüşləri ilə təmin etməli olur. Bir az da konkretləşdirsək, 1993-cü ildən bu günə qədər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası Azərbaycan Ordusunun gücü və qətiyyəti sayəsində təmin olunur”.

Siyasət 2020-10-22 18:19:00