×
A
A
A
Sazlamalar

Xatunbulaq və Qaradağlının işğaldan azad edilməsi Baxşəliyevlər ailəsinin böyük sevincinə səbəb olub VİDEO

İmişli, 22 oktyabr, A.Yavər, AZƏRTAC
Şanlı Ordumuzun zəfər yürüşü ilə azad etdiyi yaşayış məntəqələri arasında Füzuli rayonunun Xatunbulaq və Qaradağlı kəndləri də var. Yurd yerlərinin işğaldan azad olunması həmin kəndlərin sakinlərinin böyük sevincinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, uzun illərdir köçkün həyatı yaşayan Xatunbulaq və Qaradağlı kəndinin sakinləri doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. Baxşəliyevlər ailəsi də onlardan biridir. Tale elə gətirib ki, bu ailənin gəlini olan Rəsmiyyə Hacıyeva isə Xatunbulağa Qaradağlı kəndindən gəlin köçüb.
Bu sevinc hisslərini AZƏRTAC-la bölüşən Elçin Baxşəliyev deyib: “Oktyabrın 14-də digər kəndlərimizlə yanaşı, Füzulinin Xatunbulaq və Qaradağlı kəndlərinin də azad olunması xəbərini televiziyadan eşidəndə sevincimizin həddi-hüdudu olmadı. 27 ildir bu xəbəri gözləyirdik. Özüm Qarabağ müharibəsi qazisiyəm. Bu gün də döyüşə yollanmağa hazıram. Ordumuzla, Azərbaycan xalqının birliyi ilə fəxr edirəm! Bu zəfərə, qələbəyə görə bütün Azərbaycanı təbrik edirəm”.
Kəndlərini yadına salan həmsöhbətimiz bildirib ki, Xatunbulaq qədim oğuz tayfasından qalma yurd yeridir. “Kəndimizdə qədim tarixə malik izlər var. Ocaq təpəsində tədqiqatlar aparılırdı, qədim maddi mədəniyyət nümunələri aşkarlanmışdı. Yadıma gəlir, kəhrizimiz də vardı. Bəlkə də erməni faşistlər o yerləri dağıdıb”, - deyə o qeyd edib.
Xatunbulaq kənd sakini Səyyad Baxşəliyev isə bildirib ki, kəndlərinin azad olunması onun üçün əvəzedilməz bir hədiyyədir: “Mən 13-14 yaşıma qədər o kənddə olmuşam. Həmin yerləri çox gözəl xatırlayıram. Erməni vəhşiliyini də unutmuram. Hələ 13 yaşımda ikən erməni gülləsinə tuş gəldim, qolumdan yaralandım. Faşistlik onların xislətində var. Xocalı soyqırımı buna sübutdur. Bu günlərdə Gəncədə törətdikləri terroru bütün dünya gördü. Dinc sakinlər, körpələr, yaşlı insanlar həlak oldular”.
Ailənin gəlini olan Rəsmiyyə Hacıyeva isə əslən Qaradağlı sakinidir: “Mənim uşaqlığım, gəncliyim Qaradağlıda keçib. Gözəl xatirələrim olub. Lakin erməni mənfurlarının işğalı nəticəsində biz doğma torpaqlarımızdan didərgin düşdük. Amma indi kəndimizin azad edilməsinin sevincini yaşayırıq. Ən böyük arzularımdan biri də o torpağa qayıdanda 8 yaşımdaykən itirdiyim atamın məzarını ziyarət etməkdir. Bizim uşaqlar o torpaqları görməyib. Bu illər ərzində onlara kəndimizdən danışmaqla öz doğma torpaqlarımızı tanıdırdıq. İndi isə sevinirik ki, artıq həmin yerləri övladlarımız öz gözləri ilə görəcək, ata-baba yurdlarında yaşayacaqlar. İnanırıq ki, tezliklə şanlı ordumuz bütün torpaqlarımızın azad edilməsi sevinicini bizə bəxş edəcək”.
Nigar Baxşəliyeva isə valideynlərinin onlara həmişə kəndlərindən danışdığını vurğulayaraq deyib: “O gözəl, səfalı yerlərin bulaqları, dağları barədə eşidəndə hər zaman doğma kəndimizi görmək istəyirdim. İndi çox sevinirik, artıq kəndimiz işğaldan azad edilib və biz o yerləri görəcəyik. İnanırıq ki, qələbə bizimlədir, bayrağımız Xankəndidə, Şuşada, Laçında dalğalanacaq”.

Regionlar 2020-10-22 12:17:00

Video