×
A
A
A
Sazlamalar

Yaşayan, yaşadan tarix

Bakı, 21 oktyabr, AZƏRTAC 

Tarixi günlər yaşayırıq. Tarix keçmiş deməkdi, amma mən deyən tarix canlıdır, bizimlə addımlayır, yaxud biz onunla birgə irəliləyirik. Bu tarix dünən deyil, bəlkə ağrı-acı dolu dünənin üzərindən qalın xətt çəkən bu gündür – amma elə bu gün ki, bu günə sığmır, bu gündən daha çox sabahdır. Son 100-150 ildə itirdiklərimizin yenidən millətimizə, ruhumuza qazandırılması başlayıb. Müdrik Ali Baş Komandanımızın təmkinli, uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər Ordumuz milli dirçəlişimizi, xəlqi oyanışımızı, dövlətçiliyimizin şanını yüksəldir. Bizə bu tarixi günləri göstərən, daha doğrusu tarixin özünü yaşadan Tanrımıza şükürlər olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, dövlət-xalq birliyinin növbəti təntənəsini yaşadığımız bu günlərdə dövlət idarəetməsinin, diplomatiyanın, hərbi uğurların anatomiyasını mümkün olan açıqlıqda bizlərə və bütün dünyaya göstərən Azərbaycan Prezidenti İlham Əliyev bir milli lider örnəyidir: “Prezidentin son günlər xarici TV-lərə ard-arda müsahibələri yalnız həmin TV-lərdə deyil, onlara istinadən bir çox media orqanlarında da yayımlanır, tirajlanır, müzakirə edilir. Bu da ən azı iki səbəblə bağlıdır: birincisi, Dağlıq Qarabağ ətrafında 30 ilə yaxındır formalaşdırılmış qəbuledilməz “status-kvo”nun, bədnam “təmas xətti”nin aradan qaldırılmasıdır; ikincisi, müsahibələrin məhz həmin “status-kvo”nu, “təmas xətti”ni aradan qaldırmış ordunun Ali Baş Komandanına aid olmasıdır. Belə müsahibələrdən biri bu günlərdə, Rusiyanın məşhur TASS informasiya agentliyinə verildi. Azərbaycan Prezidentinin öncəki müsahibələri ilə yaxından tanış olmuş və onlar haqqında öz düşüncələrini yazmış deputat olaraq TASS-a müsahibədə verilmiş mesajlar, müsahibənin fərqli və xüsusi önəm daşıyan cəhətlərinə dair bəzi qənaətlərimi oxucularla paylaşmaq istərdim”.
“Məncə, ilk sırada bu xüsusları qeyd etməliyik: Azərbaycan Respublikası öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Bu, Azərbaycan Prezidentinin daha öncələr dediyi məşhur “sözümüz imzamız qədər keçərlidir” sözləri ilə sabitdir. Bəlli olduğu kimi, bu müsahibə Rusiyanın informasiya agentliyinə verilib və çoxmilyonlu rusdilli auditoriyaya belə bir mövqenin çatdırılması, təkrarlanması və daha çox insan tərəfindən qəbul görməsi bizim üçün önəm ərz edir. Rusiyanın 100 faiz asılılığında olan Ermənistanın Rusiyaya bir söz, digər böyük dövlətlərə başqa söz dediyi, kim daha güclü olacaqsa, onun yanında olma zehniyyətinə sahib olduğu mübahisəsizdir. Dövlətçilik ləyaqəti, sağlam dövlət iradəsi olmayan Ermənistanın dostluğu da, düşmənçiliyi də, ən adi tənqidə tab gətirməz. Dünyada ən çox dövlət qurmuş, tarixdə ən ədalətli hökmdarları, fatehləri ilə ad çıxarmış bir millətin övladı olaraq, öz dövlətimizi dar düşüncəli bir “dövlət”lə müqayisə etmək istəməzdim lakin iş elə gətirib, bizim torpaqları işğal edən dövlət qismində Ermənistan çıxış edir. Bizə düşmən olmağa belə uyğun olmayan, hər mənada kiçik bir “dövlət”dən danışırıq. O Ermənistan ki, bundan bircə ay öncə, hərbi-siyasi təkəbbürü yerə-göyə sığmırdı, özündən müştəbeh davranırdı. Bax, belə bir uğursuz dövlətin qarşısındakı Azərbaycan həmişə olduğu kimi, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə münasibətdə sözübütövdür. Dövlətimiz həm öncədən, həm də, elan olunmamış müharibənin nizamlanmasına dair danışıqlar prosesində beynəlxalq hüquqa, dinc həll yoluna sadiqlik nümayiş etdirir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir. Ancaq öhdəlik, anlaşma, razılaşma, dialoq, müzakirə… Ən azı ikitərəfli yaxud üçtərəfli, çoxtərəfli olur və belə olunca da, yalnız bir tərəfin sadiqliyi, etibarı həlledici ola bilməz. Problemi həll etməz - gərək bütün tərəflər öhdəliklərə, verilən sözə sadiq olsun. Necə deyərlər, olmazsa, olmaz”, - deyə deputat qeyd edib.
Q.Paşayeva vurğulayıb: “Bəs biz nə görürük? Humanitar atəşkəs üçün özü xahiş edən qarşı tərəf humanitar atəşkəsə əməl etmir. Danışıqların üzərindən heç 1 sutka keçməmiş Gəncə şəhərinə hücum edən Ermənistandan başqası deyildi. Bu azmış kimi, Ermənistan ən ağlagəlməz bir “versiya” ilə çıxış edəcək qədər həyasız, sırtıq ola bilir. Deyə bilir ki, o raketləri Gəncəyə Ermənistan atmayıb. O zaman ya NUO-lar icra edib, ya da biz özümüz öz şəhərimizi, öz mülki insanlarımızı hədəf almışıq. Absurdun bir bu qədəri görünməmişdir hər halda..!”
“Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Xarici İşlər naziri Ceyhun Bayramov “humanitar atəşkəs” danışıqlarına gedərkən Ordumuz üstünlüklər əldə etmişdi və bu gün olduğu kimi o gün də güclü tərəf idik – həm güclü, həm də, haqlı. Amma danışıqlara razılıq verdik. Yenə hər hansı müzakirədən, masadan qaçmırıq. Ancaq çətin soyadlı Mnatskanyan çətin danışıqlarda həm haqsız, həm də gücsüz tərəfin naziridir. O, çətini asan edə bilər. Əslində gücsüz və haqsız tərəfin naziri əslində necə davranmalıdır? Erməni nazir barışıqda, anlaşmada daha çox maraq nümayiş etdirməli, güzəştə getməli, şərt irəli sürməməli və ən əsası verdiyi sözü tutmalıdır. Əvəzində isə nə gördük? Atəşkəs razılaşması qüvvəyə minər-minməz atəş şiddətləndi. Xeyir ola? Bəs o 11 saatboyu bizim nazirin vaxtını niyə alırdınız? Atəşkəsi az qala bayram kimi qeyd edən öz ölkənin sakinlərini niyə xəyal qırıqlığına uğradırsan? Doğrusu, belə etibarsızlıqlar Ermənistan hökumətinin nəyinə və kimə lazımdır? Normal ağılla izah etmək çətindir. Çünki nəticə etibarı ilə itirən yenə özləri olur. İş belə ikən indiki halda birinci dərəcəli məsələ nədir? “İndiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”, - deyən Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində hansısa mübahisəyə yer qoymadı. Əlbəttə, biz haqlı olduğumuza da, dövlət başçımızın xalqın istək və arzularını yüksək səviyyədə ifadə etdiyinə də əminik. Əminik ki, Ermənistanın işğal etdiyi əraziləri tam geri qaytaracağıq. Çünki o, öz xoşu ilə bu geri qaytarma prosesini heç cür icra etmir. Otuz ilə yaxın vaxt keçib, lakin könüllü qaytarılan 30 kvadratmetr ərazi olmayıb. İşin ən hiddət doğuran tərəfi odur ki, işğaldan azad edilən ərazilərdə düşmənin qurduğu istehkamlar, dəmir-beton bəndlər, çoxfunksiyalı tunellər, düşmənin Qarabağa yığdığı həddən çox texnika və eşelonlaşmış müdafiənin təşkili, daha 30 il keçsə də, torpaq vermə istəklərinin olmadığını göstərir. “Yazıq, kimsəsiz olan amma qalib gəlməyə məcbur qalmış”, “xristianlığın son qalası”, “blokadada qalmış ali irq adası” kimi ifadələrlə özünü və beynəlxalq ictimaiyyəti aldadan işğalçının iç üzü TASS efirindən dünyaya bir daha çatdırıldı. Necə deyərlər, o vaxtadək çatdıracağıq ki, nəhayət, ədalət öz yerini tapsın!..”, - deyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri əlavə edib.
Q.Paşayeva bildirib: “Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mövzusu olduğuna işarə etdi. Prezident ona da işarə etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur. Rusiyanın informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”, - Azərbaycan Prezidenti qeyd edib. Çox xoşdur ki, hər müsahibədən öncə və sonra Azərbaycan Prezidentinin “qələbə tvit”ini yaxud xalqa müraciətini gözləməyə və gözlədiklərimizin doğrulmasına öyrəncəli olmuşuq. Bu dəfə də istisna təşkil etmədi. Dünən Azərbaycan Prezidenti Zəngilan şəhərinin, bir neçə kəndimizin azad edilməsinin müjdəsini verdi. Xalqımızın gözü aydın olsun. Biz bilirik ki, aktiv döyüşlərin getdiyi bir vaxtda dövlət başçısının xarici TV-lərə ard-arda geniş müsahibələr verməsi nə deməkdir. O müsahibələrdəki mesajları, necə deyərlər, sətiraltılarını da başa düşürük. Başa düşürük ki, dövlət başçısı hərbi uğurlarla diplomatik uğurları bir-biri ilə vəhdətdə yürüdür. Hazırki dövrdə xarici TV-lərə ardıcıl müsahibələr diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Doğrudur, bir çox halda TV və informasiya agentliklərinin müsahibələri paralel olaraq Ermənistanın baş naziri ilə də təşkil edilir, lakin əsas məsələ işğalçı ölkə rəhbərinə də mikrofon uzadılması deyil, o mikrofona nə deyilməsi əsasdır. Hətta “guya demokrat” Paşinyan deyil, bir başqa yan olsaydı da, xüsusi bir fərq yaranmayacaqdı. Çünki adının qabağında kimin yazıb-yazmamasından asılı olmayaraq, bir işğalçı təyini var ortalıqda. Bu təyin Ermənistanın bütün keçmiş və hazırkı dövlət məsullarının beynində, ruhunda var. Və budur, beyni və ruhu ilə işğalçı, terrorçu olanlar hərb cəbhələrindən geri çəkilir, müqavimətə cəhd edənlər sınıq-salxaq edilir, qovulur, zərərsizləşdirilir. Canlı tarixin içindəyik. Bəzən bir günün bir neçə ilin hadisələri qədər zənginlik daşıdığını görürük. Mən bu sətirləri yazarkən yeni hadisələr baş verməkdədir. Daha yeni müjdələrin gözləntisi və sarsılmaz inamındayıq. Dövlətimiz var olsun!”

Siyasət 2020-10-21 22:22:00