×
A
A
A
Sazlamalar

Terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasına etiraz olaraq Qırğızıstanda aksiya keçirilib

Bişkek, 21 oktyabr, AZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyinin qarşısında terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasına qarşı etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, ölkənin ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun üzvləri, Bişkek şəhərinin sakinləri, jurnalistlər iştirak ediblər.
Onlar səfirliyin binası önündə erməni terroru ilə bağlı stendlərə baxıb, mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən fotoların önünə gül-çiçək, uşaq oyuncaqları düzüblər.
Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov Ermənistanın son təxribatları, Azərbaycanın əks-hücum əməliyyatları haqqında məlumat verib, ordumuzun uğurlarından danışıb.
Erməni terrorunu ifşa edən çoxsaylı çıxışlardan sonra aksiya iştirakçıları bəyanat qəbul ediblər.
Bəyanatda deyilir: “Terrorçu Ermənistanın Azərbaycana təcavüzündən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sülh danışıqları heç bir nəticə verməyib. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə BMT-nin qəbul etdiyi 4 qətnaməni saymayan Ermənistan 30 ildir ki, terrorçu-işğalçı əməllərindən əl çəkməyib, münaqişənin sülh yolu ilə həll edilməsinə mane olub. 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradılıb, bu illər ərzində danışıqlar aparılıb, lakin bu danışıqların nəticəsi olmayıb. Ermənistan rəhbərliyi son zamanlar “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatlar verərək bu danışıqlara son qoyub, iyul ayının 12-də Tovuz rayonunda ağır silahlardan istifadə edərək mülki əhalini və hərbçilərimizi qətlə yetirib. Bunun ardınca avqust ayında diversiya qrupu göndərərək ölkəmizdə terror aktları törətmək istəyiblər. Vətənimizin keşiyində dayanan ordumuzun sayıqlığı nəticəsində qrup zərərsizləşdirilib və terrorçu qrupun komandiri əsir götürülüb. Əsir götürülən erməni komandiri terror törətmək niyyətində olduqlarını etiraf edib. Sentyabr ayının 27-də təmas xətti boyunca Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə yeni təcavüz aktı həyata keçirib. Azərbaycan Ordusu özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb”.
Bildirilir ki, humanitar atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, terrorçu Ermənistan dövləti oktyabr ayının 9-da və 18-də gecə vaxtı Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərini qadağan olunmuş raketlərlə atəşə tutub və nəticədə onlarla dinc əhali - uşaq, qadın, yaşlı insan şəhid olub, yüzə yaxın insan yaralanıb, çoxlu yaşayış evi və digər təyinatlı binalar dağıdılıb.
Qeyd olunur ki, alçaq əməllərindən əl çəkməyən erməni terrorçuları Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlıqda toplaşan mülki əhalini ağır artilleriya atəşinə tutub, 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Bəyanatda deyilir: “Törədilən terror hadisələrində ölənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bu terrorun qisasını ordumuzun layiqincə alacağına heç şübhəmiz yoxdur. Rəşadətli ordumuz öz sözünü döyüş meydanında deyir və torpaqlarımızı düşmən tapdağından azad edir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun tez bir zamanda işğal edilmiş torpaqlarımızı azad edəcəyinə inanırıq.
Prezidentimizin komandanlığı altında ordumuzun torpaqlarımızı işğaldan azad etməsi dünyadakı soydaşlarımız kimi bizi - Qırğızıstanda yaşayan azərbaycanlıları da çox sevindirir. Torpaqlarımızın azad edilməsi yolunda ehtiyac olarsa, Ali Baş Komandanımızın əmri ilə bu yolda əsgər olmağa hər birimizin hazır olduğunu bəyan edirik.
Prezidentimizə və ordumuza haqq işində uğurlar arzulayırıq, “Qarabağ Azərbaycandır və nida” deyirik.
Yaşasın Azərbaycan Prezidenti, Yaşasın şanlı ordumuz!”.
Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.
Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinə etiraz şüarları yazılan plakatlar nümayiş etdiriblər.
Aksiya “Qarabağ bizimdir, bizim olacaq!” sədaları altında yekunlaşıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Siyasət 2020-10-21 19:53:00