×
A
A
A
Sazlamalar

Yaponiya və İndoneziya liderləri əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər

Tokio, 21 oktyabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Yoşihide Suqa və İndoneziya Prezidenti Coko Vidodo iki ölkə arasında səhiyyə, təhlükəsizlik və iqtisadiyyat da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə liderlər ikitərəfli görüşdən sonra təşkil olunan mətbuat konfransında bildiriblər.
Y.Suqa bildirib ki, o, C.Vidodoya ASEAN ölkələrinin azad və açıq Hind-Sakit okean regionunun yaradılmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, Yaponiya bundan sonra da regionda sülhün və sabitliyin qorunması üçün öz səylərini artırmaqda davam edəcək.
Liderlər müxtəlif regional məsələlər, o cümlədən Çinin dənizdə artan fəallığı ilə əlaqədar sıx əməkdaşlıq barədə də razılığa gəliblər.
Hər iki ölkənin dövlət başçıları təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək məqsədilə Xarici İşlər və Müdafiə nazirlərinin 2+2 formatında görüşünün keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.
Bununla yanaşı, liderlər İndoneziyaya müdafiə qurğularının tezliklə verilməsi barədə də razılıq əldə ediblər.
Yaponiyanın Baş Naziri İndoneziya tərəfinə iqtisadiyyata güclü təsir göstərmiş koronavirus pandemiyası ilə əlaqədar ümumi dəyəri 470 milyon dollar olan kredit təklif etdiyini də bildirib.
Liderlərin, həmçinin iki ölkə arasında işgüzar səfərlər, o cümlədən İndoneziyadan gələn tibb bacılarının Yaponiyaya girişinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəldiyi də bildirilir.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-10-21 19:08:00