×
A
A
A
Sazlamalar

Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarlar üçün “Gələcəyini planlaşdır” və “Sosial Media Marketinq” (SMM) mövzularında təlimlər keçirilib. Pandemiya ilə əlaqədar müvafiq qaydalara əməl olunmaqla təşkil edilmiş təlimlərdə 10 nəfərədək qruplar şəklində ümumilikdə 50-dək qadın sahibkar iştirak edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Xaçmaz KOB İnkişaf Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə əməkdaşlığı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarlar üçün təşkil edilmiş maliyyə savadlılığı üzrə təlimdə maliyyə vəsaitinin hərəkəti, gəlir və xərclərin təhlili, maliyyə planlaşdırmasının faydası, yığım metodları və bacarıqları, qənaət vərdişləri, fövqəladə hadisələr üçün xərclər və ehtiyat fondu, kredit üzrə xərclər barədə ətraflı məlumat verilib. Təlim AMFA tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi məqsədilə təşkil olunub.
“Sosial Media Marketinq” mövzusunda keçirilmiş təlimdə isə sosial mediada biznes fəaliyyətini inkişaf etdirmək istəyən qadın sahibkarlar iştirak ediblər. Təlim iştirakçıları SMM vasitəsilə istehsal etdikləri məhsul və xidmətləri daha geniş auditoriyaya təqdim etmək üçün müvafiq bilik və bacarıqlara yiyələniblər. İştirakçılar təlim müddətində sosial şəbəkələrdə reklam büdcəsi, 4R prinsipi, cəlbedici paylaşımların hazırlanması, effektiv reklam mətnlərinin yazılması, izləyici sayını artırmağın yolları və müştəri rəyləri ilə işləmək bacarığı barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, KOB inkişaf mərkəzlərində, o cümlədən Xaçmaz KOB İnkişaf Mərkəzində təlim, seminar və məsləhət xidmətləri mikro, kiçik və orta sahibkarların müraciətləri və ehtiyacları nəzərə alınmaqla təşkil edilir. KOB inkişaf mərkəzlərində təcrübəli və peşəkar ekspertlər tərəfindən biznesin planlaşdırılması, marketinq, bazar araşdırması, satış, biznes sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə edilməsi və sair istiqamətlər üzrə təlim və seminarlar keçirilir, məsləhət xidmətləri, şəbəkələşmə və digər xidmətlər göstərilir. KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Regionlar 2020-10-21 19:09:00