×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun texniki üstünlüyü sübut etdi ki, illərdir hərbi sahəyə xərclənən vəsait hədər getməyib

Bakı, 21 oktyabr, AZƏRTAC

“Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”. Prezident, Ali Baş Komandan İlham Əliyev bu fikirləri oktyabrın 20-də xalqa müraciətində səsləndirdi.
Bəli, sentyabrın 27-dən başlayaraq xalqımız hər gün cəbhədən qələbə soraqlı xəbərlər eşitməyə artıq vərdiş edib. Hər gün, necə deyərlər, qulağımız səsdə, nəzərlərimiz televiziya ekranlarındadır. İndicə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edəcək və işğaldan azad edilmiş yeni şəhərlərin, kəndlərin adlarını sadalayacaq. Ermənilərin bütün cəbhəboyu başladıqları təxribatlar, sonradan isə müharibə 23 gündür ki, davam edir. Bu müddət ərzində 100-dən artıq yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib. Üstəlik, Ermənistan ordusu silah-sursatını ataraq qaçır.
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov AZƏRTAC-a açıqlamasında bildirib ki, əslində, işğalçı ölkənin rəhbərliyi 2016-cı ilin Aprel döyüşlərindən ibrət dərsi götürməli, bir daha Azərbaycan ərazilərinə üz tutmamalı, işğal etdikləri əraziləri də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tərk etməli idi. Ancaq Ermənistan rəhbərliyi BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların qəbul etdikləri qətnamələrə hörmətsizlik edir, işğalçı siyasəti davam etdirir. Xarici havadarlarına arxayın olan Ermənistan rəhbərliyi cəbhəboyu ərazilərdə təxribatlar törədərək mülki əhalini qətlə yetirir, yaşayış məntəqələrini və digər obyektləri yararsız vəziyyətə salırdı. Hər dəfə də beynəlxalq təşkilatların susqunluğu və ya ikili standartlar işğalçı ölkəni daha da quduzlaşdırırdı. Bu il sentyabrın 27-də təcavüzkarların genişmiqyaslı təxribatlarının qarşısını əks-hücumla alan Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu yeri göstərdi. Görünür, hələ də dərk etmək istəmirdilər ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Hələ də qəbul edə bilmirdilər ki, qüdrətli Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Yetişən gənc nəsil torpaqlarımızın azadlığı uğrunda canını qurban verməyə hazırdır. Bu da soydaşlarımızda hərbi vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.
Bizim bu gün döyüş meydanlarında qələbələr qazanmağımız və dünyanın əksər ölkələri ilə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim, lider dövlət başçısı kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Bu gün xalqımız dövlət başçısının ətrafında sıx birləşib və inanırıq ki, yaxın vaxtlarda Ermənistan rəhbərliyi təslim olduğunu rəsmən elan edəcək. Söz yox ki, son bir həftə ərzində işğalçı ölkənin baş naziri Nikol Paşinyan iki dəfə ağ bayraq qaldırıb, ancaq buna baxmayaraq, yenə də humanitar atəşkəs rejimini özü pozub. Paşinyanın atəşkəs rejimini pozması başadüşüləndir. Axı, o, xalqının qarşısına hansı üzlə çıxsın? Hər gün erməni hərbçiləri onlarla döyüş texnikasını atıb qaçır. Silahlı Qüvvələrimizin sərrast atəşindən yayına bilməyən yüzlərlə erməni hərbçisi məhv edilib. Döyüş bölgəsində olan əcnəbi jurnalistlər və siyasi xadimlər də bildirirlər ki, indiyə qədər 5 mindən çox erməni hərbçisi məhv edilib.
Ermənistan rəhbərliyi öz hərbçilərinin meyitlərinə də sahib çıxmır. Çünki bizim Silahlı Qüvvələrimizin erməni hərbçilərini məhv etmə anını öz xalqına yalan formada təqdim edən, guya, qətlə yetirilənlərin azərbaycanlılar olduğunu deyən işğalçı ölkənin baş naziri bütün bunlara görə xalqı qarşısında cavab verməlidir. Ona görə də atəşkəs rejiminə əməl etmir.
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında. İllər boyu “hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdır? Texnika almışdıq, hanı?” və digər isterik suallar verən bəzi xəyanətkarlara bəlli oldu ki, çəkilən zəhmət, xərclənən pullar hədər yerə getməyib. Ən müasir silahlarla silahlanmış rəşadətli ordumuz düşmənə göz açmağa imkan vermir. Azərbaycan Ordusunun texniki üstünlüyü açıq şəkildə özünü büruzə verir.
Dövlətimizin başçısı verdiyi vədlərə həmişə sadiq olub və bu gün də sadiqdir. Prezident deyib: “Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Siyasət 2020-10-21 17:02:00