×
A
A
A
Sazlamalar

Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir

Bakı, 21 oktyabr, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Deputat bildirib ki, əks-hücum əməliyyatlarının ilk günündə Ordumuz, qəhrəman əsgərlərimiz Füzuli rayonunun bir neçə kəndini, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad etdi. Həmin gündən sonra da qələbə xəbərləri bir-birinin ardınca xalqımızı sevindirir. Cəbrayıl şəhərinin və rayonun çox sayda kəndinin, Hadrut qəsəbəsinin, Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin, eləcə də Xocavənd rayonunun bəzi kəndlərinin işğaldan azad edilməsi buna sübutdur. Prezident İlham Əliyev Azərbaycan xalqına son müraciətində yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri və rayonun bəzi kəndləri, eləcə də Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının bir sıra kəndləri işğalçılardan azad olundu.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, həmçinin xarici kütləvi informasiya vasitələrinə müsahibələrində prinsipial mövqeyini dəfələrlə bəyan edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci dəfə də, yəni oktyabrın 18-də də atəşkəslə bağlı razılaşmaya əməl etmədilər, döyüş mövqelərimizi və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır.
Ümumiyyətlə, münaqişənin tarixində belə faktlar kifayət qədərdir. Mən təkcə bir faktı demək istəyirəm. 1992-ci ilin mayında İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşdülər. Şuşa şəhəri məhz həmin görüş günü işğal olundu. Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan hakimiyyəti indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil”.
Döyüş meydanında məğlub olan təcavüzkar Ermənistanın mülki insanları hədəfə aldığını bildirən A.Vəliyev qeyd edib: “İşğalçı erməni hərbi birləşmələrinin sentyabrın 27-də törətdikləri hərbi təxribat nəticəsində Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonlar atəşə tutulub. Bu şəhər və rayonların bəziləri cəbhə xəttindən xeyli uzaqda yerləşir. Xüsusilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu miqyas baxımından dəhşətlidir. Bu şəhərə atılan ballistik raketlər qadağan olunmuş silahlardır və ermənilərin bu addımı müharibə cinayətidir. Gəncəyə edilmiş xain hücum nəticəsində 25 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar və qadınlar da var. Baş Prokurorluğun son rəsmi məlumatına əsasən, düşmənin xain hücumları nəticəsində ümumilikdə 63 mülki şəxs həlak olub, 300 nəfərə yaxın insan yaralanıb. 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb.
İşğalçı Ermənistanın bu hücumları beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına ziddir. Azərbaycanın müvafiq dövlət qurumları, eləcə də cəmiyyətimizin bütün təbəqələri bu həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Dünya ölkələrinə, beynəlxalq təşkilatlara bununla bağlı rəsmi müraciətlər edilir, xarici kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə informasiyalar yayılır”.
Bu gün cəbhədə Ordumuzun uğurlar qazanması ilə yanaşı, diplomatik cəbhədə də üstünlüyə sahib olduğumuzu deyən Ağalar Vəliyev söyləyib ki, hazırda diplomatiya sahəsində də davamlı nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hazırda torpaqlarımızı hərbi yolla azad edərkən məhz belə diplomatik uğurlara da istinad edirik. Bu gün rəsmi qurumlarımız diplomatik fəaliyyətini uğurla davam etdirir. İşğalçı Ermənistanın havadarlarının çox olmasına baxmayaraq, bu gün Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərin də sayı artmaqdadır. Ötən günlər ərzində müxtəlif dövlətlərin rəsmi qurumları tərəfindən verilən dəstək bəyanatları da bunu təsdiqləyir.
“Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənib. Prezident İlham Əliyevin verdiyi qələbə xəbərləri hamını daha da ruhlandırır. O cümlədən mənim təmsil etdiyim, cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının sakinləri də düşmən qarşısında mərdliklə dayanıb, yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnşallah, tezliklə bütün işğalçılar torpaqlarımızdan qovulacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcək! Qarabağ Azərbaycandır!”,- deyə deputat vurğulayıb.

Siyasət 2020-10-21 15:30:00