×
A
A
A
Sazlamalar

Ali Baş Komandanımızın Azərbaycan xalqına bəxş etdiyi sevinc qəhrəmanlıq salnaməsinin bariz nümunəsidir

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan xalqı 30 ildir səbirlə və böyük dövlətlərin təklifi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı ilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən Qarabağla bağlı sülh sazişini gözləyirdi. 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atəşkəsə imza atmaqla günahsız dinc əhalinin ölümünün qarşısını aldı, habelə problemin həllinə dair danışıqlara başladı. Bu danışıqlar prosesi Prezident İlham Əliyev tərəfindən qazanılan davamlı diplomatik uğurlarla yanaşı, Azərbaycanın hərbi-iqtisadi potensialının da yüksəlməsinə imkan verdi. Dəfələrlə aparılan gərgin müzakirələr, çəkilən çətin siyasi xəritələr, böyük dövlətlərin təkidi ilə qəbul etdirmək istədikləri qərarlar, beynəlxalq təşkilatlar tərəfindən verilmiş ardıcıl vədlərin fonunda nəhayət ki, bu il sentyabrın 27-də Ali Baş Komandanın işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində əks-hücum əməliyyatları ilə bağlı əmri Azərbaycanın suverenliyinin bərpasını zəruri etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Azərbaycanın müzəffər Ordusunun Ali Baş Komandanın hərbi və taktiki əmrlərinə peşəkarcasına yanaşması, işğal altındakı torpaqlarımızın bir-birinin ardınca azad edilməsi Qarabağın bütün şəhər, rayon və qəsəbələrində müqəddəs Azərbaycan bayrağının dalğalanmasını təmin etdi.
“Ali Baş Komandanın müharibə dövrünün qaydalarına uyğun olaraq Ordu ilə yanaşı, xalqın iradəsinin və birliyinin ifadəçisi olaraq qələbəyə doğru inamla addımlaması yalnız və yalnız liderlərə məxsus xarakter sayılır ki, bu da bütün azərbaycanlıların dövlətimizin başçısını mahir siyasətçi olması ilə yanaşı, həm də strateq-sərkərdə kimi də tanımasına səbəb oldu. Xüsusilə də bu sərkərdə iki cəbhədə - həm informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr endirməkdədir, həm də döyüş cəbhəsində hərbi, taktiki əmrlərin verilməsi, XXI əsrin yeni çağırışlarına uyğun olaraq müasir texnologiya tətbiq etməklə dünya tarixində görünməyən qələbənin qazanılmasına rəhbərlik etməkdədir”, - deyə deputat qeyd edib.
M.Əfəndiyev, həmçinin bildirib: “Böyük xoşbəxtlikdir ki, bu gün Azərbaycan tarixində ilk dəfə olaraq işğal altındakı torpaqlarımızın qaytarılması missiyası məhz bizim nəslin üzərinə düşüb, qazanılan bu qələbələrə rəhbərlik isə Prezident, Ali Baş Komandan İlham Əliyevin taleyinə yazılıb.
Tarix boyu öz ölkəsinin azadlığı və qorunması uğrunda yüzlərlə, minlərlə cəsur Azərbaycan övladı şücaət göstərərək, ən yüksək adlara layiq görülüblər. Bu gün müasir dünyamızda bütün Azərbaycan xalqına bəxş olunan bu sevinc məhz qəhrəmanlıq salnaməsinin bariz nümunəsidir. Bu sevinci bizə bəxş edən Qəhrəman isə Ali Baş Komandan İlham Əliyevdir.

Siyasət 2020-10-21 12:15:00