×
A
A
A
Sazlamalar

Özbəkistan portallarında Ermənistanın Azərbaycana təcavüzü və Gəncə şəhərini raket atəşinə tutması haqqında yazılar yerləşdirilib

Daşkənd, 20 oktyabr, АZƏRTAC

Özbəkistanın “Interpress.uz” və “interfax.uz” portallarında Ermənistanın Azərbaycana təcavüzü, həmçinin Gəncə şəhərini raket atəşinə tutması haqqında yazılar yerləşdirilib.
AZƏRTAC portallara istinadən xəbər verir ki, yazılarda Ermənistanın qədim Gəncə şəhərinə raket hücumu nəticəsində çoxlu dağıntıların olması və dinc əhalinin həlak edilməsindən bəhs olunur. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.
Qeyd olunur ki, Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən indiyəcən 61 dinc əhali həlak olub, 291 nəfər yaralanıb.
Yazılarda bildirilir ki, Ermənistan ordusu çoxlu canlı qüvvə və hərbi texnika itirir, öz sıralarını müxtəlif ölkələrdən gətirilən terrorçularla doldurur. Azərbaycana qarşı PKK-nın Suriya qanadının üzvü, terrorçu Nubar Ozanyanın batalyonu da vuruşur. Bundan başqa, İraqın Sincar ərazisindən gətirilən terrorçular da Azərbaycana qarşı vuruşur və bu, region üçün real təhlükədir, dünya ictimaiyyəti isə buna göz yumur. Yazıda bildirilir ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu neytral tərəf saxlaya bilməyib, Ermənistanın mövqeyindən çıxış edib.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tarixi haqqında da məlumat verilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Siyasət 2020-10-20 23:33:00