×
A
A
A
Sazlamalar

Misir ictimaiyyətinə Azərbaycanın haqq işi barədə ətraflı məlumat verilib

Qahirə, 20 oktyabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi xalqımızın öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı döyüşlərlə bağlı haqq səsimizi bu ölkənin ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, düşmənin sentyabrın 27-də törətdiyi hərbi təxribatdan sonra müzəffər Ordumuzun əks-hücumu və ərazilərimizin azad edilməsi barədə xəbərlər, Prezident İlham Əliyevin müsahibələri, xalqa müraciətləri, Birinci vitse-prezident Mehriban Əliyevanın “Twitter”də paylaşımları, Prezidentin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibə və açıqlamaları, Xarici İşlər Nazirliyinin bəyanatları, Müdafiə Nazirliyinin məlumatları 300-dən çox qəzet, informasiya portalı və televiziya kanallarında işıqlandırılıb, yerli jurnalist və politoloqların mətbuat orqanlarında məqalələri dərc olunub. Səfirlik AZƏRTAC-ın ərəb və ingilis dillərində xəbərlərinin də Misir KİV-lərində yayılmasını təşkil edib.
Bundan başqa, səfir Tural Rzayev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri xanım Fayzə Əbunəca, Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə idarənin rəisi, səfir Bədr Əbdülati və nazir müavini, çoxtərəfli və beynəlxalq təhlükəsizlik məsələləri üzrə idarənin rəisi, səfir İhab Fovzi, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbülğeyt, Misir parlamenti Sədrinin birinci müavini Seyyid Şərif, parlamentin Dini məsələlər və Vəqflər komissiyasının sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd, Sudan XİN-in nümayəndələri, Misirdə akkreditə olunmuş Qazaxıstan, Özbəkistan, Tacikistan, Sudan, Bolqarıstan və Türkiyə səfirləri ilə keçirdiyi görüşlərdə onları xalqımızın Vətən müharibəsi, Gəncə və digər şəhərlərimizdə Ermənistan silahlı qüvvələrinin törətdikləri terror və vəhşilik haqqında ətraflı məlumatlandırıb.
Oktyabrın 20-də isə Qahirə Strateji Araşdırmalar Mərkəzində Misirin ictimai-siyasi xadimlərinin (səfirlər, qəzet redaktorları və beyin mərkəzinin nümayəndələrinin) iştirakı ilə dəyirmi masa keçirilib. Müzakirələrdə Ermənistanın son hərbi təxribatından sonra baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın haqlı mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2020-10-20 20:11:00