×
A
A
A
Sazlamalar

AQTA könüllüləri Şəkidə COVID-19 ilə mübarizə tədbirlərinə qoşulublar

Bakı, 20 oktyabr, AZƏRTAC

“Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin könüllüləri Şəki şəhərində yerləşən ərzaq satışı müəssisələrində maarifləndirmə tədbirləri aparıblar. “Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları AQTA tərəfindən hazırlanan maarifləndirici məlumatları istehlakçılara paylayıblar.
Həmçinin könüllü qida nəzarətçiləri ərzaq mağazaları müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar. Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş metodiki göstərişlərin tələbləri ilə bağlı istehlakçıları tanış edib, eyni zamanda, tibbi maskasız ərzaq mağazaları və ictimai iaşə müəssisələrinə daxil olan şəxslərə maska və əlcəklər təqdim edib, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırıblar.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə AQTA tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlıq subyektləri, işçi heyət və istehlakçılar xəstəliyin profilaktikası, virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.

Sosial 2020-10-20 15:29:00