×
A
A
A
Sazlamalar

İnam Kərimov: Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı 100 mindən çox fermerin həyatına təsir edib

Bakı, 20 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması nəticəsində aralarında azyaşlılar da olmaqla, mülki əhali arasında ölən və yaralananlar var. Həmçinin bölgələrin infrastrukturuna ciddi ziyan dəyib. Dəyən ziyan cəbhəboyu yerləşən bölgələr üzrə aqrar sektordan da yan keçməyib.
AZƏRTAC xəbər verir ki, bunu “Beynəlxalq bitki sağlamlığı ili” ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirdiyi regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, düşmənin təxribatı 100 mindən çox fermerin həyatına təsir edib: “Çox sayda heyvan tələf olub, fermerlərin yem ehtiyatları yandırılıb. 10 minlərlə hektar əkin sahəsində biçin məhdudlaşdırılıb, kənd təsərrüfatı texnikaları məhv edilib, suvarma sistemləri dağıdılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlara müraciət ünvanlayıb və onları Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə qınamağa çağırıb. Nazirlik həmin aqressiyanın yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan fəaliyyət olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”.
Nazirin sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən, bitki xəstəlikləri dünyada təxminən qida məhsullarının 40 faizinin itkisinə səbəb olur. Bu təhdidlər qlobal bitki mühafizəsinin təmin edilməsinin əhəmiyyətini daha da artırır.
“Azərbaycan zəngin ekosistemə və biomüxtəlifliyə malik ölkədir. Ölkəmizdə 4500-dən çox bitki növü var ki, əsas məqsəd də həmin sortları zənginləşdirməklə yanaşı, onları qorumaqdır”, - deyə İ.Kərimov qeyd edib.

Sosial 2020-10-20 14:42:00