×
A
A
A
Sazlamalar

AMEA-nın Naxçıvan Bölməsində yeni çap olunan monoqrafiyanın təqdimatı olub

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyasının təqdimatı keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli müstəqilliyimizin bərpasından sonra ölkəmizdə elmin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Bildirib ki, məhz bunun nəticəsində tarixin müxtəlif problemlərinin dərindən və sistemli şəkildə öyrənilib və tədqiqatların yekunu olaraq fundamental ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilib.
Alim Azərbaycan tarixşünaslığı qarşısında duran məsələlərdən danışaraq orta əsrlər dövrü tarixinin dərindən tədqiq edilməsində Naxçıvanın XVIII əsr tarixinin öyrənilməsi aktual mövzulardan biri olduğunu deyib. O, bəhs edilən dövrün sosial-siyasi problemlərinə müasir baxışların tələbləri əsasında tərtib olunan sözügedən yeni nəşrin əhəmiyyətindən danışaraq qeyd edib ki, müəllif monoqrafiyada tədqiqatın obyektini, məqsəd və vəzifələrini müəyyənləşdirib, elmi yeniliyini, mənbəşünaslıq bazasını göstərib, araşdırılma səviyyəsini yığcam şəkildə şərh edib.
Fəxrəddin Səfərli deyib: “Tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasəti araşdırılıb. Əldə olunmuş nəticələr ümumiləşdirilib və ingilis dilində xülasə verilib ki, bu da əsərin dəyərini artırıb”.
Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, dosent Emin Şıxəliyev, Asəf Orucov və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov yeni nəşrlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda müəllif İlhami Əliyev çıxış edərək monoqrafiyanın tarixi bir günə, 30 ildən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın qarış-qarış alınması xəbərlərinin gəldiyi bir vaxta təsadüf etməsinin onun üçün ikiqat sevinc hissinə səbəb olduğunu vurğulayıb. Bildirib ki, dövlət-xalq-ordu birliyi torpaqlarımızın ərazi bütövlüyünün bərpasının, eləcə də böyük qələbə sevincimizin heç də uzaqda olmadığından xəbər verir.

Regionlar 2020-10-19 17:04:00