×
A
A
A
Sazlamalar

İsveçrədə koronavirus pandemiyası ilə mübarizə qaydaları sərtləşdirilib

Bern, 19 oktyabr, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 19-dan etibarən, İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar.
Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa mətbuat konfransında bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcəkdir. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcəkdir. Eyni zamanda, vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar.
Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2606 nəfərə çatıb.
Eyni zamanda, İsveçrə hökuməti ölkədəki şirkətləri öz əməkdaşlarına evdən işləmək (homə office) üçün maksimum şərait yaratmağa çağırıb.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Dünya 2020-10-19 01:39:00