×
A
A
A
Sazlamalar

Naxçıvana atılan raket Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək arzusunda olduğunu bir daha göstərir

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, təcavüzkar Ermənistan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun ərazisinə raket hücumu həyata keçirib. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin simasızlığının, münaqişənin coğrafi əhatəsinin genişləndirmək arzusunda olduğunun növbəti nümunəsidir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov deyib. O vurğulayıb ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada çox güclü ordu var. Yüksək döyüş qabiliyyətinə malik olan qüdrətli Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini düşməndən azad etməsi, Günnüt kəndi ilə yanaşı, İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etməyə imkan verən Qızılqaya yüksəkliyini düşməndən təmizləməsi bunun ən bariz nümunəsidir. Yəqin ki, 2017-ci il 18 Oktyabr – Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi paradı bu gün hər birimiz xatırlayırıq. Həmin parad ölkəmizdə böyük coşqu ilə qarşılandı və bütün regionda rezonans doğurdu. Bir daha aydın oldu ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi çox qüdrətli bir hərbi gücə çevrilən Əlahiddə Ümumqoşun Ordu tərəfindən etibarlı şəkildə qorunur. Eyni zamanda müasir silahlara sahib Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrildiyi bir daha öz təsdiqini tapmış oldu. Bu ordu ölkəmizə qarşı istənilən təcavüz hərəkətlərini bir andaca yox etmək və vaxtilə itirilmiş torpaqlarımızı çox qısa bir zamanda geri qaytarmaq gücünə malikdir.
Elçin Zamanov qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin ən şanlı günlərini yaşayır. Məmməd Arazın bir vaxtlar “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” cümləsi indi hər birimiz üçün milli şüara çevrilib. Hər aldığımız nəfəsdə, qəlblərimizin hər döyüntüsündə, sevincimizin, kədərimizin hər anında, sevinc göz yaşlarımızın hər damlasında yalnız və yalnız müqəddəs əsgərimizə, şanlı Milli Ordumuza dəryalar qədər sonsuz məhəbbətimiz, sevgimiz əks olunur. Bu gün dünyanın bizə rəğbəti olan bütün insanları, millətləri, qurumları həyəcanla Milli Ordumuzun əzmkar mübarizəsini və heyrətamiz qələbələrini izləməkdədir. Bu gün cəbhədə bütün əzmiylə savaşan Azərbaycan övladlarının hər biri milli qürürumuz və qəhrəmanımızdır. Tarixin heç bir dönəmində Milli Ordu ilə xalq ruhu, xalq sevgisi və dəstəyi bu səviyyədə qovuşa bilməyib. İndi dinindən və milliyyətindən asılı olmayaraq Azərbaycanımızın hər bir vətəndaşı Ali Baş Komandanımıza, döyüşən əsgərimizə öz böyük məhəbbətini izhar etmək üçün hər fədakarlığa hazırdır. Şəhidlik zirvəsinə çatmaq bizim üçün Tanrı dərgahına qovuşmaq deməkdir.
“Ey qəhrəman əsgərim, ey Vətən oğlu! Sən ki, Azərbaycanımızı, bu şərəfli millətimizi 30 ilin miskin, şərəfsiz, insanlıq adına əbədi bir ləkə olan erməni işğalından, utancından qurtarırsan, biz də səni ən müqəddəs varlıq kimi əbədi abidəni qəlbimizdə həkk edəcəyik! Yüz illərlə sənin misli görünməmiş cəngavərliyin şirin nəğmələrə dönüb qəlblərimizdə, ruhumuzda yaşayacaq!”, - deyən Elçin Zamanov vurğulayıb ki, azadlığa can atan müqəddəs Qarabağımızın hər qarışı, hər daşı bu gün sevinc qaynağımız, milli qürurumuz olan əsgərimizin mələk simasını yaddaşına əbədi həkk edəcəkdir! Vətən oğlu, müqəddəs əsgərim, sənin qəhrəmanlığın qarşısında baş əyirik! Tanrı, Vətən və Xalq səninlədir! Qarabağ Azərbaycandır!

Regionlar 2020-10-16 19:44:00