×
A
A
A
Sazlamalar

Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli Qərarına əsasən, oktyabrın 14-dən respublikanın bəzi yaşayış məntəqələrinə, o cümlədən Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb. Bununla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu Şəki rayonunda da Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin tələblərinə, həmçinin sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün mobil qruplar tərəfindən davamlı olaraq reydlər təşkil edilir, sakinlər arasında maarifləndirmə işləri aparılır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, maarifləndirmə və nəzarət işlərinin aparılması üçün rayon üzrə 49 mobil qrup yaradılıb. Mobil qruplar tərəfindən şəhərin ayrı-ayrı yaşayış məhəllələrində, həmçinin Kiş kəndinin daxilində izahetmə-xəbərdarlıq işləri aparılır, ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirilir. Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

Regionlar 2020-10-16 10:58:00