×
A
A
A
Sazlamalar

Qlobal neft tədarükü 2035-ci ildə sutkada 109 milyon barreli ötəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

2019-cu ildə sutkalıq 98,9 milyon barrel olan qlobal neft tədarükünün 2035-ci ildə 109 milyon barrel/günü ötəcəyi, 2045-ci ildə isə 109,3 milyon barrel/gündən çox olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Hesabata görə, OPEC-ə üzv olmayan ölkələrin neft tədarükü 2020-ci ildə gözlənilən kəskin azalmadan sonra 2025-ci ilə qədər güclü şəkildə bərpa olunacaq. Lakin OPEC-ə üzv olmayan ölkələrin çox az bir hissəsi neft tədarükünü lazımı formada artıra biləcək. Kanada, Qətər, Qazaxıstan və Qayananın istehsalı əhəmiyyətli dərəcədə artırması gözlənilir. 2019-cu ildə 65 milyon barrel/gün olan OPEC-ə daxil olmayan ölkələrinin neft tədarükünün cari ildə 61,8 milyon barrel/günə düşəcəyi proqnozlaşdırılır. Qeyri-OPEC üzrə tədarük 2025-ci ildə sutkada 70,7 milyon barrelə və 2030-cu ildə 71,5 milyon barrel/günə yüksələcək. 2045-ci ildə isə tədarükün yenidən gündəlik 65,4 milyon barrelə enəcəyi nəzərdə tutulur.
Bildirilir ki, 2020-ci ildə 33,8 milyon barrel/gün olan OPEC-ə üzv ölkələrin neft tədarükü 2033-cü ildə 30,7 milyon barrel/günə geriləyəcək. 2045-ci ildə sutkada 33,2 milyon barrelə çatması gözlənilən neft istehsalı 2065-ci ildə 43,9 milyon barrel/günədək artacaq.

 

Neft - qaz 2020-10-12 12:42:00