×
A
A
A
Sazlamalar

“Ferrum Kapital” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” MMC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların sayı 2500 ədəd, nominal qiyməti 1000 manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 1 il, kupon faizlərinin ödəniş müddəti 30 gündür. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, “Ferrum Kapital”ın istiqrazlarının mülki hüquq münasibətlərində zamini qismində onun əsas səhmdarı olan “AQA Şirkətlər Qrupu” çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.
Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Maliyyə 2020-10-06 17:41:00