×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı Ali Baş Komandanımıza birmənalı dəstək nümayiş etdirir

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi Ermənistanı qorxuya salır. Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırdı ki, Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır. Göründüyü kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri nəinki düşməni cavab atəşi ilə susdurur, eyni zamanda, Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kimi kəndləri, strateji obyektləri və postları düşməndən azad edib. Hadisələrin gedişində Ermənistan tərəfi böyük itki verir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, düşmən tərəfi 550-dən çox itki verib. Ölənlər arasında Suriya və Livandan gətirilən muzdluların da meyitləri aşkar olunub. Bu, bir daha sübut edir ki, Ermənistan hər vəchlə ordusuna terrorçuları cəlb edir, faşist, işğalçı siyasətini davam etdirir. Hazırkı vəziyyət ondan xəbər verir ki, Azərbaycan heç bir halda öz torpaqlarını azad etməkdən geri çəkilməyəcək. Çünki Ali Baş Komandan İlham Əliyev də dediyi kimi, biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Bizim heç kimin ərazisində, torpağında gözümüz yoxdur. Biz öz tarixi, əzəli, dədə-baba yurdumuzu geri istəyirik və onu da alacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib: “Təqdirəlayiq məqam ondan ibarətdir ki, bu gün xalqımız Ali Baş Komandanımıza birmənalı dəstək nümayiş etdirir, xalq arasında yüksək əhval-ruhiyyə mövcuddur, insanlarda torpaqlarımızın işğaldan azad olunacağına dərin inam mövcuddur. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi də Ermənistanı qorxuya salır. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribata dair birgə bəyanat yayıb və dövlətin ümumi maraqlarının qorunması istiqamətində birlik nümayiş etdirib. Bütün bu faktların təzahürüdür ki, hazırda Ermənistan psixoloji gərginlik içərisindədir. Onlar danışıqlar prosesini şüurlu şəkildə pozurlar. “Dağlıq Qarabağ Ermənistandır”, “Yeni ərazilər üçün yeni müharibə” kimi cəfəng bəyanatlar Ermənistanın hələ də ağlının başına gəlmədiyindən xəbər verir”.
Ş.Həsənova bildirib ki, bu günlərdə tarixi günlərə, saatlara şahidlik edirik. “Xalqımızdan gözlədiyimiz bir məsələ də var, o da düşmən tərəfə xırda bir informasiya olsa belə sızdırmamaq, onların informasiya təxribatlarının baş tutmasına imkan verməməkdir. Bu səbəbdən də heç bir sosial şəbəkə istifadəçisi, elektron informasiya resursu dəqiqləşdirilməmiş məlumat yaymamalıdır. Hər kəs bu məsələdə yalnız rəsmi mənbələrə etibar və istinad etməlidir.
Mövcud vəziyyət ondan xəbər verir ki, terrorçulardan təşkil edilmiş işğalçı Ermənistan ordusu şanlı Azərbaycan Ordusu qarşısında aciz vəziyyətdədir. Əminik ki, qüdrətli ordumuz bizi yalnız qələbə xəbərləri ilə sevindirəcək. Yaşasın, Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu!”.

Siyasət 2020-09-28 15:49:00