×
A
A
A
Sazlamalar

Yaponiyadakı diaspor təşkilatımız Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı barədə məlumatlar yayıb

Tokio, 27 sentyabr, AZƏRTAC
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, ingilis və yapon dillərində yayılan məlumatda sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatı barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi informasiya Yaponiya ictimaiyyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutub. Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinə iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəş açılıb. Nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var.
Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Çox sayda evə və mülki obyektlərə ciddi ziyan dəyib.
Bəyanatda bildirilib ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının kobud surətdə pozulması deməkdir. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımıdır.
Yaponiyanın bir sıra xəbər portallarına, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına da göndərilən məlumatlarda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum tədbirlərini həyata keçirir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2020-09-27 14:37:00