×
A
A
A
Sazlamalar

Neft bazarının yeni problemi - Liviya

Bakı, 23 sentyabr, AZƏRTAC

Koronavirus məhdudiyyətlərinin yeni dalğası neft qiymətlərinin bərpasını ləngidir. Bundan əlavə, treyderlərin indi bir problemi var ki, o da Liviyadır.
AZƏRTAC xəbər verir ki, vətəndaş müharibəsinin davam etdiyi Liviyanın neft sənayesi yanvar ayından bəri tamamilə dayanmışdı. Lakin keçən həftə iki tərəf arasında imzalanan və neft gəlirlərinin bərabər bölünməsini nəzərdə tutan razılaşmadan sonra ölkədə ixracın yenidən başlanması gözlənilir.
Liviya nefti koronavirusa yoluxma hallarının artdığı və neft bazarında volatilliyin yüksək olduğu vaxtda bazarlara qayıdır. Neft sənayesinin dirçəlişini nəzərdə tutan əvvəlki razılaşmanın uğursuz olduğunu nəzərə alsaq, Liviya nefti barədə danışmaq hələ tezdir.
Dövlətə məxsus enerji şirkətinə görə, ölkənin neft hasilatı bu həftə üç dəfə artaraq gündəlik 260 min barrelə çatacaq.
“Goldman Sachs”ın proqnozuna görə isə Liviyada neft istehsalı cari ilin sonuna qədər sutkada 550 min barrelə, gələn ilin ortalarında isə gündəlik təxminən 1 milyon barrelə çata bilər.
Qlobal bazarların gündəmində olmasa da, “OPEC+” koalisiyasının aprel ayından bəri hasilat məhdudiyyətlərini nəzərə alsaq istehsaldakı hər hansı artımın qiymətlərə aşağı istiqamətli təzyiq göstərəcəyi istisna edilmir.
Liviyada hər şey planlaşdırıldığı kimi getsə, bazara əlavə 1 milyon barrel neft daxil olacaq və bu, “qara qızıl”ın qiymətinin artmasına mane ola bilər.

 

Neft - qaz 2020-09-23 16:58:00