×
A
A
A
Sazlamalar

Qubada müəllimləri koronavirusa yoluxan Qamqam kənd tam orta məktəbindən REPORTAJ VİDEO

Quba, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb. Hazırda dərslər distant formada davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Kollektivdən alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və 1 texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.
Məktəbin direktor müavini Samir Novruzov bildirib ki, təhsil müəssisəsində, ümumilikdə, 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır. Məktəbdə 36 müəllim və 14 texniki işçi var. Kollektivdə analiz götürülənlərin bəzilərində cavablar hələ ki, çıxmayıb.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev isə qeyd edib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, digər müəllimlərin test nəticələri məlum olduqdan sonra tədrisin davamı ilə bağlı qərar veriləcək. İbtidai sinif müəllimlərində virus aşkarlanarsa, təhsil ya distant, ya da məktəbə digər yaxın təhsil ocaqlarının pedaqoqlarını cəlb etməklə davam etdiriləcək.
Qamqam kənd tam orta məktəbində müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

Regionlar 2020-09-22 15:24:00

Video